“Mənim üçrəngli şanlı bayrağım” şeir müsabiqəsinin qalibləri mükafatlandırıldı
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə 9 Noyabr-Dövlət Bayrağı Günü münasibətilə paytaxtın orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında “Mənim üçrəngli şanlı bayrağım” mövzusunda təşkil edilən şeir müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirildi.
Tədbirdən öncə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Mərasim iştirakçıları Azərbaycan Respublikasının Dövlət Himnini canlı ifa etdilər.
Tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə milli kimliyimizin, qürurumuzun rəmzi olan üçrəngli, aylı-ulduzlu Bayrağımızın Azərbaycanın hər bir uğurunun bələdçisi olmasından bəhs etdi: «Bayrağımız sevincimizin ilk şahidi, qələbə müjdəçisi sayılır. Dövlət rəmzimiz olan Himnimizdə də ölkə vətəndaşlarına üçrəngli bayrağımızla məsud yaşamaq, xalqımıza daim ucalmaq istəyi arzulanır. Harada Azərbaycan Bayrağını görürüksə, orada ölkəmizi görürük. Bu, o deməkdir ki, bayrağımız varlığımızdır. Dünya ölkələrinin bayraqları arasında Azərbaycan Bayrağını görmək böyük qürurdur. Qalibiyyət rəmzi olan bayrağımız iki ildir işğaldan azad edilmiş torpaqlarımızda, Azərbaycanın döyünən ürəyi, Qarabağın tacı Şuşamızda dalğalanır.”
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin gənclərlə iş sektorunun müdiri Zamin Əhmədov müsabiqə barədə məlumat verdi. Bildirdi ki, şeir müsabiqəsi 3 noyabr tarixində keçirilib. Müsabiqədə 70-ə yaxın məktəbli iştirak edib. Münsiflər heyətinin qərarına əsasən iki yaş qrupu – 5-8, eyni zamanda, 9-11-ci siniflər arasında qaliblər müəyyən olunub. Hər iki yaş qrupu üzrə I, II, III yerlər müəyyənləşdirilib və beş şagird fərqlənmə yerinə layiq görülüb.
Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Rafiq İsayev bayrağımızın tarixindən bəhs etdi. Bildirdi ki, Azərbaycanın varlığının, müstəqilliyimizin rəmzi olan üçrəngli bayrağımız beynəlxalq təşkilatların mənzil-qərargahlarının qarşısında qürurla dalğalanır. Hər bir beynəlxalq səviyyəli yarışlarda Azərbaycan bayrağının yüksəklərə qaldırılması ölkəmizin müstəqilliyinin, varlığının təqdimatıdır. Bu gün bayrağımız işğaldan azad edilmiş torpaqlarımızı bəzəyir.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov Dövlət Bayrağımızın vətəndaşlarımızın milli birliyinin, həmrəyliyinin, vahid məfkurə ətrafında sıx birləşməsinin rəmzi olduğunu bildirdi: “Bayrağımız millətin varlığının sübutudur. Bu gün biz bu birliyi, həmrəyliyi müsabiqəyə qatılan məktəblilərin timsalında aydın görür və bundan böyük qürur hissi keçiririk. Bayrağımız hər zaman ucalarda dalğalansın.”
Müsabiqədə qiymətləndirməni həyata keçirmək üçün yaradılan münsiflər heyətinin üzvü Əhməd Məmmədov vurğuladı ki, bu mövzuda müsabiqəyə qatılmaq hər bir məktəbli üçün böyük şərəfdir. Müsabiqədə cəmi 16 nəfər mükafata layiq yerlər tutsa da hesab edirik ki, iştirak edən 70 nəfər iştirakçının hər biri qalibdir. Dövlət rəmzlərinə hörmətlə və ehtiramla yanaşmağa çağırışı özündə əks etdirən belə müsabiqələr məktəblilərdə vətənpərvərlik hissini daha da artırır. Tarixi Zəfərimizin qazanılmasında başlıca amillər olan Vətən, torpaq sevgimiz beynəlxalq səviyyədə vurğulanır, təqdir edilir.
Sonra müsabiqənin qaliblərinin adları elan edildi. Onlara diplomlar və hədiyyələr təqdim olundu. Xatirə şəkli çəkdirildi.