Tələbələr arasında intellektual bilik yarışması keçirilib
Bakı şəhər Gənclər və İdman Baş idarəsi və Xəzər İntellektual Gənclər Klubunun birgə təşkilatçılığı ilə Azərbaycan Maliyyə-İqtisad Kollecində tələbələrin iştirakı ilə “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü”nə həsr olunmuş intellektual bilik yarışması keçirilmişdir. Yarışmada 15 komanda iştirak etmişdir. Yarışın əsas məqsədi gənclərin intellektual səviyyəsinin yüksəlməsinə şərait yaratmaq, istedadlı gəncləri üzə çıxarmaq, onların milli-mənəvi dəyərlər və Azərbaycan tarixi haqqında daha geniş biliklərə sahib olmalarına kömək göstərməkdir.
Yarışma komandalar arasında sağlam rəqabət şəraitində keçmiş, verilən suallar Azərbaycan tarixi, məntiq, dünya görüşünü əhatə etmişdir. Final görüşündə 5 ən güclü intellektə sahib olan komanda arasında gedən mübarizədə “Zəfər” komandası 1-ci yer, “Aysberq” komandası 2-ci yer , “Xarı bülbül” komandası 3-cü yerə layiq görülüb. Qalib komandalar diplom və hədiyyələrlə mükafatlandırılıblar.