Raqif Abbasov: “Azərbaycan artıq dünyada idman ölkəsi kimi tanınır” – QURUM RƏSMİSİ DANIŞDI
“Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycan Respublikasının bütün sahələrində olduğu kimi idman sahəsində də intibah dövrü başlandı. Belə ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanda idman infrastrukturunun yaxşılaşdırılması, idmançılarımızın ölkə hüdudlarından kənarlara çıxması, xarici məşqçilərin ölkəmizə gəlməsi, beynəlxalq yarışların məhz Azərbaycanda təşkil olunması və s. istiqamətində əvəzsiz işlər görmüşdür”. Bu sözləri SİA-ya açıqlamasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov bildirib.
İdarə rəisi qeyd edib ki, Heydər Əliyev idman sahəsində müvafiq sərəncamlar imzaladı: “Bu da öz növbəsində Azərbaycanda idmanın inkişafına böyük təkan verdi. Bu günləri Heydər Əliyevin adını daşıyan “Heydər Əliyev konsert kompleksi”, “Əl oyunlar İdman sarayı”, çoxlu şahmat məktəblərimiz hələ sovetin zamanında Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə tikilmiş və insanların istifadəsinə verilmişdir. Təbii ki, bütün bunlar Azərbaycanda idmanın maddi-texniki bazasına əsas yaratdı. Bu günləri də təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş Olimpiya Komplekslərinin tikintisi ölkə başçısı İlham Əliyev tərəfindən də davam etdirilir. Artıq 50-yə yaxın Olimpiya Kompleksi istifadəyə verilmişdir. Xüsusi olaraq onu da vurğulamalıyıq ki, Heydər Əliyev idmançılarla görüşləri zamanı yüksək nəticə göstərənlərə dövlət mükafatı ilə təltif olunma prosesinin əsasını qoydu və bu idmançıların gələcəkdə də işlə təmin olunması üçün aidiyyatı qurumlara müvafiq tapşırıqlar verdi.
Bu gün Azərbaycanda yüksək nəticəli idmançılar demək olar ki, elə bir sahə yoxdur ki, orada təmsil olunmasınlar. Azərbaycanda Gənclər və İdman Nazirliyinin yaradılması, idman gününün təsis olunması əlbəttə ki, Heydər Əliyev siyasətinin davamı olaraq qiymətləndirilməlidir. Azərbaycan artıq dünyada idman ölkəsi kimi tanınır və bir çox beynəlxalq yarışlara ev sahibliyi edir. Bununla da Azərbaycan həqiqətlərinin dünyaya tanıtımında, ölkəmizdə idman növlərinin artırılmasında, idmanın kütləviliyinin təmin olunmasında, bədən tərbiyəsinin inkişafında biz nəticələrin şahidi oluruq. Heydər Əliyev Azərbaycan idmanını yüksək qiymətləndirərək çox gözəl kəlamlar işlətmişdir. Ulu Öndərimizin “İdman kimi dövlət rəmzlərini nümayiş etdirən ikinci bir sahə yoxdur” deməsi hər bir idmançı üçün çox böyük stimul oldu. Bu həqiqətən də belədir. Hər bir idmançı nailiyyət qazananda Azərbaycanın üç rəngli ay-ulduzlu bayrağı yüksəlir və dövlət himnimiz səslənir. 2023-cü ilin ölkə Prezidenti İlham Əliyev tərəfindən məhz “Heydər Əliyev ili” elan edilməsi ölkəmizdə çoxsaylı idman yarışlarının keçirilməsini nəzərdə tutur.