“Qarabağ Akvatik“ su polosu turnirinin qalibi olub

Su İdman Sarayında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) və  “Qarabağ Vater Polo” klubunun  birgə təşkilatçılığı ilə “Ümummilli Lider Heydər Əliyev İli”nə həsr olunmuş su polosu üzrə turnir keçirilib. Yarışda 6 komanda mübarizə aparıb.

Yarışın açılış mərasimini “Qarabağ Vater Polo” klubunun direktoru-yığma komandanın məşqçisi Ümid Məmmədov açıq elan etdikdən sonra, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin sektor müdiri Gündüz Vəliyev, Üzgüçülük Federasiyasının nümayəndəsi Kamran Hüseynov çıxış edərək yarış iştirakçılarına uğurlar arzulayıblar.

Turnir açıq elan edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların xatirəsi  bir dəqiqəlik sükutla yad edilib.

Dairəvi sistem üzrə keçirilən yarışda  “Qarabağ Akvatik” komandası birinci olub.  “145 qrup” komandası yarışı ikinci, “SHARK’S” komandası isə üçüncü pillədə başa vurublar.

Turnirin sonunda idmançılar kubok, medal və diplomlarla təltif olunublar.