Baş İdarədə idmançı, məşqçi və hakimlər üçün seminar keçirildi

      Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Dünya Alpaqut Federasiyasının Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə idmançıların, məşqçilərin və hakimlərin yarış öncəsi fiziki dayanıqlıqla yanaşı «Psixoloji hazırlıq səviyyələrinin yüksəldilməsi» məqsədilə seminar təşkil edilib.     Əvvəlcə tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Alpaqut Turan Döyüş Sənətinin qurucusu Vasif Namazov, Turan Döyüş Sistemləri Mərkəzinin vitse-prezidenti Rafiq Qasımov, Dünya Alpaqut Federasiyasının vitse-prezidenti Emil Rəhimov, psixologiya üzrə elmlər doktoru, professor Elmar Hüseynov iştirak ediblər.

Tədbirdə çıxış edənlər Azərbaycanda idman sahəsində uğurla həyata keçirilən dövlət siyasətindən, əldə olunan müvəffəqiyyətlərdən, alpaqut idman növünün hərtərəfli inkişaf etdirilməsindən danışıblar.

Sonra psixologiya üzrə elmlər doktoru, professor Elmar Hüseynov tərəfindən tədbir iştirakçılarına idman yarışlarında psixoloji hazırlığın vacibliyi haqqında ətraflı məlumat verilib, məşqçilərin, idmançıların psixi sağlamlıqlarına, yarışdan əvvəl və yarışdan sonra psixoloji vəziyyətinin yaxşılaşdırılmasına təsir imkanları müzakirə edilib.

Seminar zamanı iştirakçıları maraqlandıran suallara ətraflı cavablar verilib.

Sonda hakimlərə birinci dərəcə kitabçaları təqdim olunub.

Qeyd edək ki, seminarın təşkil olunması beynəlxalq və yerli yarışlarda iştirak edən idmançıların, məşqçilərin, hakimlərin yarış öncəsi psixoloji hazırlıq səviyyəsinin artırılması və yarış zamanı yaranan çətin vəziyyətlərin idarə olunması, emosional proseslərin, operativ qərarvermə çətinlikləri ilə bağlı yaranan stresli vəziyyətləri idarəetmə bacarıqlarının artırılması məqsədini daşıyır.