ADPU-də “Xocalıya ədalət” kampaniyası çərçivəsində elektron aksiya keçirilib
Azərbaycan Dövlət Pedaqoji Universitetində “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində Xocalı soyqırımına həsr olunmuş elektron aksiya keçirilib. Bakı şəhər Gənclər və İdman Baş idarəsi, Səbail rayon Gənclər və İdman idarəsi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin birgə təşkilatçılığı ilə həyata keçirilən tədbir Azərbaycan Respublikası dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Aksiyanın məqsədi Xocalı soyqırımı ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq və kampaniyaya dəstək verməkdir.
Tədbirdə Bakı şəhər Gənclər və İdman Baş idarəsinin rəisi Raqif Abbasov Xocalı soyqırımının tarixindən bəhs edərək Ermənistanın Azərbaycana qarşı amansız təcavüzü və xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə siyasətindən söz açıb. Baş İdarə rəisi Xocalı soyqırımı həqiqətlərinin unudulmaması, gənc nəslin bu istiqamətdə həm yerli, həm də beynəlxalq miqyasda aktiv təbliğat aparması, xüsusilə informasiya texnologiyalarının imkanlarından geniş istifadə etmələri barəsində tələbə-gənclərə dəyərli tövsiyələrini verib. Raqif Abbasov Xocalıya ədalət kampaniyası çərçivəsində Elektron aksiyanın növbəti günlərdə digər ali təhsil müəssisələrində də həyata keçiriləcəyini və bu istiqamətdə davamlı olaraq layihələrin, tədbirlərin davam etdiriləcəyini sözlərinə əlavə edib.
Çıxışlardan sonra tələbələrin iştirakı ilə elektron aksiya baş tutub. Belə ki, Xocalı həqiqətlərini əks etdirən məlumatlar dünyanın bir sıra nüfuzlu beynəlxalq təşkilatlarının elektron məktub ünvanlarına göndərilib.