Beynəlxalq yarışlar ölkəmizə nə qazandırır? – İDARƏ RƏİSİ BİLDİRDİ
“Ulu Öndər Heydər Əliyevin 100 illiyi qeyd olunan dövr çərçivəsində ölkəmizdə müxtəlif yarışlar, o cümlədən, ayrı-ayrı idman növləri üzrə Avropa çempionatları, kubok yarışları, lisenziya xarakterli yarışların, turnirlərin keçirilməsi nəzərdə tutulur”. Bu sözləri SİA-ya açıqlamasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov bildirib.
Onun sözlərinə görə, bütün bu beynəlxalq yarışlar Azərbaycanın idman nüfuzuna, eyni zamanda, ölkəmizin daha da yaxından tanınması üçün böyük idman ailəsinin üzvü olduğunun əyani sübutudur: “Azərbaycanda beynəlxalq yarışların keçirilməsi bir daha onu sübut edir ki, ölkəmizin maddi-texniki bazası, infrastrukturu, insan resurslarının formalaşması, təhlükəsizliyin təminatı, logistika və nəqliyyat dair texniki vasitələt yüksək səviyyədədir. Həmçinin beynəlxalq yarışların təşkil edilməsi turistlərin Azərbaycana gəlişini təmin edir. Buna misal olaraq qeyd edə bilərəm ki, Formula 1 tipli beynəlxalq yarışlar həm televiziya, həm də internet auditoriyası ilə yanaşı turistlərin Azərbaycanın milli mətbəxi ilə tanış olunması və paytaxt Bakının gözəlliyinin əyanı olaraq görmələri ölkəmiz barədə müsbət rəyin formalaşmasında mühüm rol oynayır. Ümumilikdə beynəlxalq tədbirlərin təşkili ölkədə biznesin artmasına və iqtisadiyyatımıza müsbət təsir göstərir. Həmçinin qeyd etmək istərdim ki, beynəlxalq yarışların ölkəmizdə təmsil olunması gənc nəslin idmana olan marağının artmasına səbəb olur”.