Trek velosipedi üzrə Bakı Kubokunun birinci mərhələsi keçirilib
Aprelin 26-27-də Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Velosiped Federasiyasının birgə təşkilatçılığı ilə trek velosipedi üzrə Bakı Kubokunun birinci mərhələsi keçirilib.
Elit/U23 yaş kateqoriyasında kişilər, gənc və yeniyetmə oğlanlar, həmçinin qadınların iştirak etdiyi yarışda ümumilikdə 45 velosipedçi medallar uğrunda mübarizə aparıblar.
İdmançılar 200 metr və 500 metr (yerindən) məsafələrə fərdi ötüşmə, həmçinin skreç və xallar üzrə qrup ötüşməsi növlərində güclərini sınayıblar.
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışın nəticələrinə görə, qadınların mübarizəsində Viktoriya Sidorenko (ROEQİUGVM, 200 m: 13.86 san, 500 m: 40.75 san, 30 xal) bütün növlər üzrə birinci yerə layiq görülüb.
Yeniyetmə oğlanların yarışında isə Ravi Rzayev (ROEQİUGVM, 200 m: 12.77 san, 500 m: 37.35 san) 200 metr və 500 metr (yerindən) məsafələrə fərdi ötüşmə, həmçinin skreç növlərində qızıl medal qazanıb. Bu kateqoriyada xallar üzrə qrup ötüşməsi növündə isə Maksim Trendelyov (Təhsil RİM, 24 xal) birinci yerdə qərarlaşıb.
Elit/U23 yaş kateqoriyasında kişilər və gənc oğlanlar arasında Tural İsrafilov (ROEQİUGVM, 200 m: 12.30 san, 500 m: 37.65 san) 200 metr və 500 metr (yerindən) məsafələrə fərdi ötüşmə növlərində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu kateqoriyada Samir Cəbrayılov (MSN, 20 xal) isə skreç və xallar üzrə qrup ötüşməsi növlərində qızıl medal qazanıb.
Yarışdan sonra mükafatlandırma mərasimi keçirilib. Qaliblərə medal, diplom və qiymətli hədiyyələr təqdim edilib.