Tələbələr Qobustan Milli Tarixi-Bədii Qoruğunda olmuşlar
Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən “Qobustan Dövlət Tarixi Bədii Qoruğu”na Bakı şəhərində yerləşən müxtəlif ali təhsil müəssisələrində təhsil alan tələbələrin ekskursiyası təşkil edilmişdir.
Ekskursiya qoruq ərazisində inşa edilən muzeydən başlayıb. Məlumat verilib ki, muzey 2011-ci ildə Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə açılıb.
Muzeyin girişində petroqliflər təqdim edilir. Qobustan petroqliflərinin rəsmlərini zalın divarlarında və tavanında görmək mümkündür. Rəsmlər halqavarı zolaqlar şəklində düzülüb.
Bildirilib ki, muzeyin sərgi zalı müxtəlif bölmələrdən təşkil olunub. Hər bir bölmədə divarlara Qobustan qayaları haqqında məlumat verən xüsusi monitorlar quraşdırılıb. Döşəmələrə və divarlara qədim insanların məşğuliyyətini və həyat tərzini əks etdirən işıq şüalarından ibarət təsvirlər salınıb.
Tələbələr zalları gəzərək ekspozisiyalarla tanış olublar.
Məlumat verilib ki, “Qobustan: UNESCO-nun ümumdünya mədəni irsi” zalında dünyadakı 200-ə yaxın oxşar abidə haqqında məlumatlar əks edilib. Bu otaqdakı sərgilər Qobustan Qayaüstü Tarixi-Bədii Landşaft kompleksinin Azərbaycan və dünyanın qayaüstü incəsənəti irsinin zəngin bir hissəsi olduğunu göstərir.
Sonra tələbələr qoruq ərazisindəki qədim rəsm nümunələrinə baxmışlar.
Qoruğun bələdçisi tələbələrə məlumat vermişdir ki, Qobustan Azərbaycanın qədim tarixinin yadigarlarından biridir. Qoruq bu ərazinin üst paleolit və mezolit dövrlərinin ilk ovçu qəbilələrinin, neolit dövrünün ilk maldarlarının məskəni olmasını sübut edən abidədir. Ərazidə aparılmış tədqiqatlar nəticəsində mindən çox qayanın üzərində altı mindən artıq təsvir qeydə alınmışdır. Burada 40-dan artıq kurqan aşkar olunmuş və 105 mindən çox maddi-mədəniyyət nümunəsi tapılmışdır. Qobustan qayalarında insan, heyvan, kollektiv əmək, qayıq şəkilləri, döyüş və ov səhnələri təsvir edilmişdir. Oyma, sürtmə, çapma və cızma üsulları ilə çəkilmiş təsvirlərin ən qədimləri eramızdan əvvəl VIII minilliyə aiddir.
Ekskursiyanın keçirilməsinin əsas məqsədi gənclərin asudə vaxtlarının səmərəli təşkili, tarixi-bədii qoruqlarımızın gənclərə tanıdılmasıdır.