Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan konfrans təşkil olunub
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və “Qeyd – Sosial Maarifləndirmə” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Unudulmaz Lider Heydər Əliyev” adlı konfrans keçirilib.
Konfrans Dövlət Himninin səsləndirilməsi, Ümummilli Liderin əziz xatirəsinin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsin rəisi Raqif Abbasov qonaqları salamlayaraq sözü “Qeyd – Sosial Maarifləndirmə” İctimai Birliyinin sədri Tural Nurməmmədova verib. Tural Nurməmmədov Heydər Əliyevin gənclər siyasəti, vətənpərvərliyi, xalqına millətinə olan sevgisindən danışıb.
Daha sonra Raqif Abbasov xalqımızın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dünya şöhrətli siyasətçi Heydər Əliyevin tarixdəki rolu, Vətəni və xalqı qarşısındakı misilsiz xidmətləri barədə çıxış edib. O Ulu öndərin birinci və ikinci hakimiyyət illərində gördüyü misilsiz işlərdən, dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsindəki xidmətlərindən, o cümlədən milli-mənəvi dəyərlərimizin dirçəldilməsinə verdiyi töhfələrdən danışıb.
Qeyd edək ki, “Unudulmaz Lider Heydər Əliyev” layihəsi çərçivəsində on gənc təşəkkürnamə ilə təltif olunub.
Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb və xatirə fotosu çəkilib.