Gənclərin “Şöhrət” muzeyinə ekskursiyası təşkil edildi

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə  “Heydər Əliyev İli” ilə əlaqədar gənclərin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi istiqamətində  bir qrup fəal gənclərin   Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyasının “Şöhrət” muzeyinə ekskursiyası təşkil edilmişdir.

Əvvəlcə gənclər ulu öndər Heydər Əliyevin Akademiyanın ərazisində ucaldılan abidəsini ziyarət ediblər.  Sonra “Şöhrət” muzeyində dahi şəxsiyyət Heydər Əliyevin zəngin həyat və fəaliyyətini əks etdirən fotostendlər və eksponatlarla tanış olublar.

Qeyd edək ki, “Şöhrət” muzeyinin eksponat və stendlərində olan unikal sənədlər, arxiv materialları Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini, ömür yolunu, xalqımızın tarixində və taleyində oynadığı misilsiz rolu, o cümlədən həyatının 25 ilini həsr etdiyi dövlət təhlükəsizlik orqanlarındakı iş dövrünü, onun şəxsən həyata keçirdiyi və peşəkarlıq zirvəsinin nümunələri olan əməliyyatlar haqqında məlumatları əks etdirir.