26 iyul- Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaranması günü münasibətilə “Heydər Əliyev və dövlət gənclər siyasəti” mövzusunda konfrans keçirilib.
26 iyul 2023-cü il tarixind’ Bakı Şəhər Gənclər və İdman İdarəsinin(BŞGİİ) təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində 26 iyul- Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaranması günü münasibətilə “Heydər Əliyev və dövlət gənclər siyasəti” mövzusunda konfrans keçirilib.
Konfransdan əvvəl iştirakçıların “Heydər Əliyev və Azərbaycan Mədəniyyəti-100” adlı foto sərgiyə baxışı təşkil olunub. Konfrans açıq elan edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğurunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfrans “Heydər Əliyev və müstəqil Azərbaycan” sənədli filminin nümayişi ilə davam etdirilib. Konfransda BŞGİİ-nin Yasamal rayonu üzrə gənclər və idman sektorunun müdiri İlham Səfərov “Heydər Əliyev və dövlət gənclər siyasəti” mövzusunda məruzə ilə çıxış edərək, gənclərin ictimai-siyasi həyatda fəallığını artırmaq üçün həyata keçirilən Dövlət Proqramının tətbiqi, idarəetmə orqanlarında gənc mütəxəssislərə üstünlük verilməsi Ümummilli lider tərəfindən müəyyənləşdirilmiş gənclər siyasətinin uğurlu nəticəsi olduğunu vurğulayıb.
Daha sonra Azərbaycan Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Rəsul Dadaşov, Yol Hərəkəti İştirakçılarının Maarifləndirilməsi və Təhlükəsizliyi İctimai Birliyinin sədri Rüfət Axundov, Azərbaycan Milli Konservatoriyasının Tələbə Gənclər Təşkilatının sədri Ayxan İmanov, Modern Azərbaycan Yeniliklər və Təcrübə mərkəzinin rəhbəri Camal Kərimli, “Elin Səsi” milli-mənəvi dəyərlərimizin qorunması ictimai birliyinin sədri Elvin Talışınski və “Elin Səsi” milli-mənəvi dəyərlərimizin qorunması ictimai birliyinin üzvü, Türkiyə Cumhuriyyəti Karabük Universitetinin magistri Babək Məhərrəmov çıxış edib. Konfransda rayon ərazisində fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin bir qrup tələbələri, idarə, müəssisə və təşkilatlarda çalışan fəal gənclər, ictimai təşkilatların, qeyri-hökümət təşkilatlarının nümayəndələri olmaqla 50 nəfər iştirak edib.