“Qobustan Dövlət Tarixi Bədii Qoruğu”na tələbələrin ekskursiyası təşkil olunmuşdur
Bu gün Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən “Qobustan Dövlət Tarixi Bədii Qoruğu”na Bakı şəhərində yerləşən müxtəlif ali təhsil müəssisələrində təhsil alan tələbələrin ekskursiyası təşkil edilmişdir. |
Qoruğun bələdçisi tələbələrə məlumat vermişdir ki, Qobustan Azərbaycanın qədim tarixinin yadigarlarından biridir. Qoruq bu ərazinin üst paleolit və mezolit dövrlərinin ilk ovçu qəbilələrinin, neolit dövrünün ilk maldarlarının məskəni olmasını sübut edən abidədir. Ərazidə aparılmış tədqiqatlar nəticəsində mindən çox qayanın üzərində altı mindən artıq təsvir qeydə alınmışdır. Burada 40-dan artıq kurqan aşkar olunmuş və 105 mindən çox maddi-mədəniyyət nümunəsi tapılmışdır. Qobustan qayalarında insan, heyvan, kollektiv əmək, qayıq şəkilləri, döyüş və ov səhnələri təsvir edilmişdir. Oyma, sürtmə, çapma və cızma üsulları ilə çəkilmiş təsvirlərin ən qədimləri eramızdan əvvəl VIII minilliyə aiddir. Tələbələr qoruqla bağlı tam məlumatlandırdıqdan sonra, onlar qoruq ərazisində yerləşən qədim rəsm nümunələrinə baxış keçirmişlər. Ekskursiyanın keçirilməsinin əsas məqsədi istedadlı və yaradıcı gənclərin asudə vaxtlarının səmərəli təşkili, tarixi-bədii qoruqlarımızın gənclərə tanıdılması, gənclərə dövlət qayğısının artırılmasından ibarət idi. |