Masallı rayonunda HƏRBİ VƏTƏNPƏRVƏRLİK DÜŞƏRGƏSİ KEÇİRİLMİŞDİR
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və “Gənclərin Töhfəsi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə 15-19 avqust 2012-ci il tarixləri arasında “Gənclər Ali Baş Komandanın əmrinə hər an hazırdır” devizi altında keçirilən III hərbi vətənpərvərlik düşərgəsinə yekun vurulmuşdur. Düşərgədə ali və orta ixtisas məktəblərinin TGT sədrləri, QHT nümayəndələri, fəal gənclər və KİV vasitələrinin nümayəndələri iştirak etmişdir. Düşərgə çərçivəsində gənclər milli qəhrəmanımız Mübariz İbrahimovun ailəsinə baş çəkiblər, Milli Qəhrəmanın atasına başsağlığı verən tələbələr Mübariz haqqında ən gözəl fikirlərini ifadə ediblər. Bundan sonra Milli Qəhrəmanın ruhunu 1 dəqiqəlik sükutla yad ediblər. Düşərgənin ikinci günü layihə çərçivəsində Masallı rayonu Gənclər və İdman Baş İdarəsinin rəisi Camal Manafov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi kapitan Musa Nağıyev və digər nümayəndələr düşərgənin qonağı olmuşdur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi kapitan Musa Nağıyev çıxış edeərək son 5 ildə rayonda gənclərin hərbidən yayınması hallarının azaldığını bildirmişdir. Masallıda 3 Milli Qəhrəmanın, 2 Azərbaycan Bayrağı Ordeni və 226 şəhidi olduğunu deyən Musa Nağıyev hazırda gənclərin hərbi-vətənpərvərlik ruhunun daha da yüksəldilməsi üçün “Şahin”, “Cəsurlar” hərbi-idman oyunlarının keçirildiyini vurğulayıb. Dövlət Xidmətinin nümayəndəsi 2012-ci ildə rekord səviyyədə gəncin hərbi yollandığını ifadə (395) etmişdir. Daha sonra isə, nümayəndələr düşərgə iştirakçılarının maraqlandıran sualları cavablandırmışlar. Düşərgənin üçüncü günü layihə iştirakçıları rayonun bir sıra görməli yerlərinə səfərlər etmiş və futbol, voleybol, stolüstü oyunlar üzrə yarışlarda iştirak etmişlər. Düşərgənin dördüncü günü YAP Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyevlə ilə görüş keçirilmişdir. Düşərgənin sonunda günlər ərzində keçirilən idman və bilik yarışlarının qalibləri mükafatlandırılışmış və düşərgənin bütün iştirakçılarına müvafiq sertifikatlar paylanmışdır. Nəzərinizə çatdıraq ki, bu düşərgə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin həyata keçirdiyi III hərbi vətənpərvərlik düşərgəsidir və hər il müntəzəm olaraq keçirilməsi nəzərdə tutulmuşdur.
Düşərgənin təşkilində məqsəd gənclərin hərbi biliklərinin artırılması, onlarda vətənpərvərlik ruhunun aşılanması, fəal gənclər üçün yay istirahət düşərgələrinin təşkil edilməsi, fiziki sağlamlıqlarının möhkəmləndirilməsi, onların asudə vaxtlarının səmərəli təşkil olunmasından ibarət idi.