Məhəllə futboluna yekun vuruldu

20-28 avqust 2012-ci il tarixdə Badadar qəsəbəsində yerləşən futbol meydançasında Azərbaycan Respublikasının Milli Qəhrəmanı, telejurnalist Çingiz Mustafayevin xatirəsinə həsr olunmuş Səbail rayonu üzrə məhəllələrarası mini-futbol üzrə turnir keçirilmişdir. Turnirdə III yer uğrunda İçərişəhər-Xəzər komandaları və final oyununda Badamdar-Bayıl komandaları arasında oyunlar çox gərgin şəraitdə keçirilmişdir. III yer uğrunda keçirilən oyunda 5:3 hesabı ilə İçərişəhər komandası qalib gələrək turnirin III yerinə layiq görülmüşdür. Final oyununda 2:0 hesabı ilə Badamdar komandası qalib gələrək turnirin qalibi adını qazanmışdır. 2000-2001-ci il təvəllüdlü uşaqlar arasında keçirilən turnirdə 12 komanda tərkibində 120 nəfər iştirak etmişdir.
Final oyunundan sonra turnirin təntənəli bağlanış mərasimi keçirilmişdir. Tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin sektor müdiri Adil Ağayev və digər rəsmi şəxslər iştirak etmişlər. Natiqlər öz çıxışlarında futbolun inkişafından xüsusilə uşaqlar arasında keçirilən məhəllələrarası mini-futbol turnirinin böyük rol oynadığını, respublika prezidentinin müvafiq sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə Futbolun İnkişafına dair Dövlət Proqramı”nın bu tipli tədbirlərin keçirilməsi ilə yüksək səviyyədə icra olunduğunu bildirmişlər.
Tədbirin sonunda qalib komandaların üzvləri Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlarla, idman geyimləri və kubokla təltif olunmuşlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir