“Olimpiya Oyunlarında güləşin saxlanılmasına dəstək olaq!” devizi altında aksiya keçirilmişdir
Sentyabrın 5-də Milli Olimpiya Komitəsi, Azərbaycan Güləş Federasiyası (AGF) Bakı Şəhər Gənclər və İdman İdarəsi ilə birgə Sahil bağında “Olimpiya Oyunlarında güləşin saxlanılmasına dəstək olaq!” devizi altında aksiya keçirmişdir.
Aksiyada AGF-nin nəzdində fəaliyyət göstərən bütün güləş klubları, yığma komandaların üzvləri, eləcə də paytaxtda fəaliyyət göstərən güləş klub və cəmiyyətlərinin nümayəndələri iştirak etmişlər.
AGF-nin baş katibi, Olimpiya dərəcəli hakim Əjdər Cəfərov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, Bakı Şəhər Gənclər və İdman İdarəsinin rəisi Raqif Abbasov və Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti Xanlar Qurbanov Azərbaycan güləşçilərinin beynəlxalq arenada qazandığı uğurlardan danışmış və onların əldə etdikləri nailiyyətlər yüksək qiymətləndirilmişdir.
BŞGİBİ-nin rəisi Raqif Abbasov çıxış edərək güləş idman növünün önəmliliyindən və Olimpiya Oyunlarında bu növə olan maraqdan danışıb: “Güləş Olimpiyadalar tarixində ən qədim idman növüdür. İdman növləri içərisində qədim tarixə malik olan güləş Olimpiya oyunlarında mütləq qalmalıdır. Hesab edirik ki, haqq-ədalət zəfər çalacaq”.
Sonra güləşçilərimiz cəngi sədası altında nümunəvi çıxışlarını nümayiş etdirmişlər.
Olimpiya, dünya və Avropa çempionları və mükafatçılarının iştirak etdikləri aksiyanın yekununda Beynəlxalq Olimpiya Komitəsinə müraciət ünvanlanmışdır. Müraciəti Olimpiya çempionu Namiq Abdullayev oxumuşdur.
Aksiyada Gürcüstan, İran və Kubadan olan güləş ictimaiyyətinin nümayəndələri də iştirak etmişlər.
Qeyd edək ki, sentyabrın 7-8-də Argentinanın paytaxtı Buenos-Ayresdə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) 125-ci sessiyası keçiriləcəkdir.
Sessiyada 2020-ci il Yay Olimpiya Oyunlarında güləş idman növünün saxlanılıb-saxlanılmaması barədə BOK-un yekun qərarı məlum olacaqdır.