Nərimanov rayonunda məhəllə futbolu keçirilmişdir

25 sentyabr 2013-cü il tarixdə Nərimanov rayonu üzrə məhəllələr arası mini-futbol turnirinin final oyunları keçirilmişdir. Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən təşkil olunmuş 2001-2002-ci il təvəllüdlü uşaqlar arasında keçirilən turnirdə 20 komanda tərkibində 200 nəfər iştirak etmişdir. Ulduz komandası üzərində 2 – 1 hesabı ilə qalib gələn Qarabağ komandası turnirdə 3-cü yeri tutmuşdur. Final oyunu gərgin oyun şəraitində keçirilmişdir. Belə ki, Gənclik və Kosmos komandaları arasında oyunun əsas hissəsi 2 – 2 hesabı ilə başa çatmış, turnirin qalibi 7 metrlik zərbələr hesabına müəyyənləşmişdir. Gənclik komandasının üzvləri daha sərrast olaraq 5 – 4 hesabı ilə qalib gəlmişlər. Final oyunundan sonra turnirin təntənəli bağlanış mərasimi keçirilmişdir. Tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin məsul əməkdaşı Salman Əbdülov, Nərimanov rayonu Gənclər və İdman İdarəsinin məsul əməkdaşı Bahəddin Hüseynov və digər rəsmi şəxslər iştirak etmişlər. Natiqlər öz çıxışlarında futbolun inkişafında xüsusilə uşaqlar arasında keçirilən məhəllələrarası mini-futbol turnirinin böyük rol oynadığını, respublika prezidentinin müvafiq sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə Futbolun İnkişafına dair Dövlət Proqramı”nın bu tipli tədbirlərin keçirilməsi ilə yüksək səviyyədə icra olunduğunu bildirmişlər.

Tədbirin sonunda qalib komandaların üzvləri Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla, idman geyimləri ilə və kubokla təltif olunmuşlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir