Penitensiar xidmətin 7 saylı Cəzaçəkmə Müəssisəsində voleybol üzrə turnir keçirilmişdir
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə tədbirlər planına müvafiq olaraq 26 sentyabr 2013-cü il tarixdə Penitensiar xidmətin 7 saylı Cəzaçəkmə Müəssisəsində voleybol üzrə turnirin final mərhələsi keçirilmişdir. Final oyununda Şahin komandası Muğan komandası üzərində 2 – 0 set fərqi ilə qalib gələrək birinci yeri tutmuşdur.
Final oyunundan sonra turnirin təntənəli bağlanış mərasimi keçirilmişdir. Tədbirdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin məsul əməkdaşı Salman Əbdülov, Penitensiar xidmətin 7 saylı Cəzaçəkmə Müəssisəsinin tərbiyə işləri üzrə rəis müavini, ədliyyə polkovnik-leytenantı Vüqar Bağırov və digər rəsmi şəxslər iştirak etmişlər. Natiqlər öz çıxışlarında keçirilən tədbirlərin məhkumların asudə vaxtlarının səmərəli təşkili, onların vətənpərvərlik ruhunda tərbiyəsi və idmana maraqlarının artırılması sahəsində böyük rol oynadığını vurğulamış, turnir iştirakçılarına uğurlar diləmişlər.
Tədbirin sonunda qalib komandaların üzvləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla və xatirə hədiyyələri ilə təltif olunmuşlar.