“Yaxşıların yaxşısı – 2013” mükafatının təqdim olunması mərasimi keçirilmişdir
Dekabrın 24-də “Jumeirah Bilgah Beach Hotel”-nin Bilgəh zalında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) cari ilin yekunlarına dair təsis etdiyi “Yaxşıların yaxşısı – 2013” mükafatının təqdim olunması mərasimi keçirilmişdir. Tədbirdə Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti, sərbəst güləş üzrə dünya çempionu Xəzər İsayev, Şöhrət və İstiqlal ordenli, xalq artisti, profesor Əlibaba Məmmədov, Şöhrət ordenli, Yazıçılar İttifaqının Baş katibi, professor Çingiz Abdullayev, Gənclər və İdman Nazirliyinin idarə rəisi Mirkamil Rəhimov Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev və BŞGİBİ-nin rəisi Raqif Abbasov və digər rəsmi qonaqlar, həmçinin Qeyri Hökümət Təşkilatları, Tələbə Gənclər Təşkilatları, İdman Federasiyaları, Kütləvi İnformasiya Vasitələri, idman klubları, idman cəmiyyətləri iştirak etmişdilər.
Mərasim Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra açıq elan olunub. Gənclər və İdman Nazirinin müavini İsmayıl İsmayılov ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışmış və idmançılarımızın qazandıqları nailiyyətləri yüksək qiymətləndirmişdir. Vurğulamışdır ki, idman infrastrukturu təkcə paytaxtda deyil, bölgələrdə də təkmilləşdirilir və maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılır. Hazırda ölkə idmanında kütləvilik gündən-günə artmaqdadır. Daha sonra bir çox rəsmi qonaqlar çıxış edərək ölkəmizdə uğurlu idman siyasətinin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdıraraq hazırda bu xəttin layiqincə davam etdirildiyini və Baş İdarə tərəfindən “Yaxşıların yaxşısı” mükafatının təsis olunmasını yüksək qiymətləndirərək bacarıqlı ölkə gənclərinin mükafatlandırılmasının əhəmiyyətindən danışmışlar.
Sonra il ərzində gənclər, idman və kütləvi bədən tərbiyəsi sahəsi üzrə, vətənpərvərlik, istedadlı və yaradıcı gənclər, Qeyri Hökumət Təşkilatları, Tələbə Gənclər Təşkilatları, ictimayi birliklər, idman federasiyaları, klub və cəmiyyətlər, kütləvi informasiya vasitələrinin nümayəndələri, yüksək nailiyyətlər əldə etmiş paytaxt gəncləri və idmançıları , “Yaxşıların yaxşısı –2013” mükafatı ilə təltif olunmuşlar.
Tədbir konsert proqramı ilə davam etmişdir. Gecənin aparıcıları Afaq Gəncəli və İlkin Həsəni olub.