ŞAHMAT YARIŞI BAŞA ÇATDI
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Respublika Şahmat Mərkəzində 2000-2001-ci il təvəllüdlü (14 yaşadək) oğlanlar və qızlar arasında şahmat üzrə Bakı şəhər birinciliyi başa çatmışdır. Yarışda 1 №-li İOEUGŞDİM, 2 №-li UGŞİM, 3 №-li UGŞİM, 19 №-li UGİM, RİOEUGŞM, HRŞDK və Respublika Şahmat Klubunu təmsil edən 49 nəfər idmançı (onlardan 17 nəfəri qızlardır) iştirak etmişdir. Beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadənin rəhbərliyi ilə yarışlar İsveçrə sistemi üzrə keçirilmişdir. Yekun nəticələrə əsasən oğlanlar arasında I yeri 7,5 xalla Bəşirli Nail (1 №-li İOEUGŞDİM), II yeri 7 xalla Ağayev Sadiq (1 №-li İOEUGŞDİM), III yeri 6,5 xalla Bayramov Qurban (RİOEUGŞM), qızlar arasında I yeri 7 xalla Kərimzadə Nərmin (RİOEUGŞM), II yeri 5 xalla Quluzadə Nərmin (3 №-li UGŞİM), III yeri 4,5 xalla Həsənzadə Ülkər (RİOEUGŞM) tutmuşlar. Bundan əlavə oğlanlar arasında IV yeri 6 xalla tutmuş Feyzullayev Tofiq (3 №-li UGŞİM), qızlar arasında IV yeri 4,5 xalla tutmuş Əlizadə Nərgiz (RİOEUGŞM) və V yeri 4,5 xalla tutmuş Hüseynova Sona (1 №-li İOEUGŞDİM) da bu ilin mart ayında keçiriləcək respublika final mərhələsinə vəsiqə qazanmışlar. Yarışın bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Salman Əbdülov qalibləri təbrik etmiş, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulamışdır. Yarışda I, II və III yerləri tutmuş idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.