Bu gün BŞGİBİ-nin rəisi R.Abbasov “Hərbi And” qəzetinin qonağı olub
Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) rəisi Raqif Abbasov bu gün Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB) sədri Emin Həsənli ilə görüşüb. Görüşdə bir çox məsələlər müzakirə olunub. R.Abbasov rəhbəri olduğu idarənin gördüyü işlər barədə ətraflı məlumat verib, gələcək planlardan danışıb. Azərbaycanda gənclər siyasətinin uğurlarınının ildən-ilə artdığını bildirib. O, TOHGMİB və “Hərbi And” qəzeti ilə əlaqələrin əhəmiyyətini vurğulayıb, vətənpərvərlik işinin təbliğində təşkilatın bir çox uğurlu işlərə imza atdığını diqqətə çatdırıb. Bu istiqamətdə görülən işlərin vacibliyini qeyd edən R.Abbasov BŞGİBİ-nin əməkdaşlıqdan məmnun olduğunu və işin davam etdiriləcəyini söyləyib. TOHGMİB-nin sədri Emin Həsənli, BŞGİBİ ilə birgə keçirilən layihələrin, hərbi hissə və cəbhə bölgəsinə təşkil olunan səfərlərin əhəmiyyətli olduğunu vurğulayıb. Qeyd edib ki, bu kimi tədbirlər gənclərin vətənpərvərlik tərbiyəsinin daha da artmasına imkan verir, onları bu istiqamətdə fəal olmağa səsləyir. Xüsusilə, bu səfərlərdə idmançılarımızın, ölkənin fəal gənclərinin iştirak etməsi əsgərləri sevindirir, onların inamını daha da artırır. O, bu işlərin davamlı olacağını vurğulayıb. Görüşdən sonra BŞGİBİ-nin rəisi R.Abbasov “Hərbi And” qəzetinin “Dost söhbəti” rubrikasının qonağı olub, sualları cabablandırıb.