Nəsimi rayon gəncləri virus hepatitlərinə yoluxmaya qarşı maarifləndirildilər.
Gənclər arasında virus hepatitlərinin yoluxmasının qarşısını almaq və ya yoluxma hallarında düzgün davranışları təbliğ etmək məqsədi ilə Nəsimi rayon Gənclər və İdman İdarəsi və “AzərbaycanHəkimlər və Təbib Tələbələr” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Bakı Asiya Universitetində “Gənclər arasında sağlamlıq maarifi: profilaktika müalicədən daha üstündür” mövzusunda seminar keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Nəsimi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Şahmar Tağıyev mövzunun aktuallığını diqqətə çatdırdı. Qeyd etdi ki, bu gün dünyada hər il 1 milyon insan hepatit virusu nəticəsində dünyasını dəyişir. Hazırda 500 milyon insan hepatit virusunun daşıyıcısıdır.
Daha sonra İctimai Birliyin təmsilçiləri Lamiyə Mərdan və Lalə Əsgərzadə çıxış edərək xəstəliyin yoluxması yolları, profilaktikası və müalicə metodlarından geniş bəhs etdilər.
Bildirildi ki, gənclər üçün ən təhlükəli xəstəliklərdən biri də virus hepatitləridir. Təəssüf ki, bu gün dünya əhalisinin hər 12 nəfərindən biri hepatit C və hepatit B virusunun daşıyıcısıdır. İnsanların çoxunun bu viruslara yoluxmasından xəbəri olmur. Virus hepatitlərini “gizli ölüm” də adlandırırlar. Düzgün qurulmuş maarifləndirmə işi gəncləri belə ölümlərdən qoruya bilər. Bu məqsədlə cəmiyyətin ictimai fəal hissəsinin köməyi ilə virus hepatitlərinə yoluxmaya qarşı səmərəli mübarizə üsulları seçilməlidir.
Seminarın sonunda gəncləri maraqlandıran suallara cavab verildi.