“Gənc Liderlər üçün Qış Universiteti – Kreativ Başlanğıc” layihəsinin bağlanış mərasimi keçirilib

17 mart tarixində Park İnn Hotelində “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Gənc Liderlər üçün Qış Universiteti – Kreativ Başlanğıc” layihəsinin bağlanış mərasimi keçirilib.

Mərasimi giriş sözü ilə açan “İRƏLİ” İctimai Birliyinin baş katibi Azər Abdullayev universitet layihələrinin gənclər arasında maraqla qarşılandığını və bu layihələrin gənc liderlərin aşkarlanmasında, müxtəlif sahələr üzrə bilik və bacarıqlarının artırılmasında böyük rol oynadığını qeyd edib.

Tədbirdə çıxış edən Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov qeyd edib ki, hər növbəti il universitet layihələrində gənclərin aktivliyi daha çox hiss olunur: ““İRƏLİ” yay və qış universitetləri kimi maraqlı layihələri gerçəkləşdirərək bir daha onu sübut edib ki, öz ətrafında kreativ düşüncəli, azərbaycançılıq ideyasına, vətəninə sadiq gəncləri birləşdirib”.

Mərasimdə Qış Universitetində qalib gələn “Tərəqqi” komandası olmaqla, bütün komandalara diplomlar təqdim olunub. Eyni zamanda tədbirdə layihə ilə bağlı çəkilmiş film nümayiş olunub.

Qeyd edək ki, “Gənc Liderlər üçün Qış Universiteti – Kreativ Başlanğıc” layihəsi 5-8 fevral 2014-cü il tarixlərində Bakıda Qafqaz Point Hoteldə baş tutub. 4 gün müddətində 100 gənc lider gəncləri əhatə edən müxtəlif və gündəmdə olan mövzular üzrə ölkənin aparıcı ekspertləri ilə görüşüb, fikir mübadiləsi aparıblar.

Gənc Liderlər üçün Yay və Qış Universitetləri “2009-cu ildən başlayaraq indiyədək Qazax, Sabirabad, Oğuz, Qəbələ və Gəncə şəhərində keçirilib və ümumilikdə Azərbaycanın ən fəal və potensiallı 600 nəfər gənci bir araya gətirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir