“Cəsurlar” hərbi-idman və turizm oyununun rayon mərhələsi keçirilmişdir.
Nəsimi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 152 saylı orta məktəbdə gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsində, onların fiziki hazırlıqlarının artırılmasında, həmçinin ordu sıralarına hazırlanmasında müstəsna əhəmiyyəti olan “Cəsurlar” hərbi-idman və turizm oyununun rayon mərhələsi keçirilmişdir.
Yarışın açılış mərasimində Nəsimi rayon Gənclər və İdman İdarəsinin rəisi Elbrus Abdullayev çıxış edərək komandaları salamlamış və “Cəsurlar” hərbi – idman və turizm oyununun keçirilməsində məqsədin yeniyetmələrlə aparılan hərbi vətənpərvərlik tərbiyəsi işini daha da gücləndirmək, orta məktəb şagirdlərini hərbi-idman oyunlarına geniş cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlığını və turizm hərəkatının inkişaf etdirilməsini təmin etməkdən ibarət olduğunu bildirdi. E. Abdullayev çıxışında onu da qeyd etdi ki, “Cəsurlar” hərbi–idman və turizm oyununun məktəbdaxili seçmə yarışları artıq yekunlaşmışdır. Bu gün oyunların ikinci mərhələsi olan rayon birinciliyi yarışıdır. Rayon birinciliyində qalib gələn komanda 2014-cü ilin aprel ayında Bakı şəhərində keçiriləcək zona mərhələsində rayonumuzu təmsil edəcəkdir.
Rayonun orta ümumtəhsil məktəblərinin komandalarının iştirak etdiyi yarış gərgin mübarizə şəraitində keçmişdir.
Yarışın nəticələrinə görə 44 saylı orta məktəbin komandası I, 23 saylı orta məktəbin komandası II, 133 saylı orta məktəbin komandası III yerə layiq görülmüşdür.