İki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru H.Aslanovun xatirəsinə həsr olunmuş yeniyetmələr arasında cüdo üzrə ənənəvi XXXVII Beynəlxalq Bakı turniri

    Şağan Olimpiya İdman Kompleksində İki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru  H.Aslanovun xatirəsinə həsr olunmuş yeniyetmələr arasında cüdo üzrə ənənəvi XXXVII Beynəlxalq Bakı turniri keçirilmişdir.

     Tədbirin birinci günü turnirdə iştirak edən xarici ölkələrin nümayəndələri və rəsmilərin iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın məzarı ziyarət olunmuş, abidələri önünə əklil və güllər qoyulmuşdur. Daha sonra Şəhidlər Xiyabanında H.Aslanovun abidəsi ziyarət olunmuş, sərkərdənin keçdiyi şərəfli döyüş yolu haqqında qonaqlara ətraflı məlumat verilmışdir. Daha sonra turnirin açılış mərasimində Azərbaycanın dövlət himni səsləndirilmiş və iştirakçı ölkələrin bayraqları səhnəyə gətirilmişdir. Mərasimdə çıxış edən qəhrəmanın nəvəsi Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, Cüdo Federasiyasının vitse-prezidenti, olimpiya çempionu Elnur Məmmədli idmançılara uğurlar arzulamışlar.

     Onlar ölkəmizdə idmanın, o cümlədən cüdonun inkişafına göstərilən diqqət və qayğıya görə dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevə təşəkkürlərini bildirmişlər. Vurğulanmışdır ki, son illər müntəzəm olaraq beynəlxalq turnirlərin keçirilməsi Azərbaycanı dünyada idman ölkəsi kimi tanıtmışdır. İdmançılarımız beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edir və beynəlxalq idman qurumları dünya və Avropa birinciliklərinin, mötəbər yarışların keçirilməsini Azərbaycana həvalə edirlər.

      Turnirdə 11 ölkənin 17 şəhərindən  400 nəfərə yaxın idmançı (Azərbaycan, Türkiyə, İran, Rusiya, Gürcüstan Qazaxıstan, Türkmənistan, Özbəkistan, Çexiya, Slovakiya, İtaliya) mübarizə aparmışdır. 30-dan çox  beynəlxalq dərəcəli yerli və xarici hakimlərin idarə etdiyi yarışlar 18 çəki dərəcəsində oğlanlar və qızlar arasında baş tutmuşdur. Nəticələrə görə oğlanlar arasında 46 kq çəki dərəcəsində Bubunauri Vaja (Gürcüstan),50 kq çəki dərəcəsində İsmayılov Naib (Azərbaycan), 55 kq çəki dərəcəsində Mamiaşvili Aleko (Gürcüstan), 60 kq çəki dərəcəsində Niniaşvili Baqrat (Gürcüstan), 66 kq çəki dərəcəsində Murqustov Abu-Yazit (Rusiya), 73 kq çəki dərəcəsində Amanov Nahid (Azərbaycan), 81 kq çəki dərəcəsində Mirzəyev Aslan (Azərbaycan), 90 kq çəki dərəcəsində Cecoev Alixan (Rusiya),  +90 kq çəki dərəcəsində Tsikoridze Amiran (Gürcüstan), qızlar arasında isə  36 kq çəki dərəcəsində İsmayılova Şəfəq (Azərbaycan), 40 kq çəki dərəcəsində Rəsulova Əfsanə (Azərbaycan),  44 kq çəki dərəcəsində Kincelova Dominika (Slovakiya), 48 kq çəki dərəcəsində Musavuzova Yulduz (Rusiya), 52 kq çəki dərəcəsində Mustafayeva Afət (Azərbaycan), 57 kq çəki dərəcəsində Medves Giada (İtaliya), 63 kq çəki dərəcəsində Msedlişvili Tamara (Gürcüstan), 70 kq çəki dərəcəsində Sisauri Eliso (Gürcüstan), +70 kq çəki dərəcəsində Almaşiova Natalia (Slovakiya) I yerləri tutmuşlar.

 Ümumi komanda hesabaında Azərbaycan birinci, Gürcüstan ikinci, Rusiya üçüncü yerləri tutublar.

     Qaliblərə medallar, diplomlar və qiymətli hədiyyələr təqdim edilib.

     Onu da qeyd edək ki, sonda yarışa qatılmış bütün ölkələrin nümayəndələri yüksək səviyyədə təşkilatçılığa və səmimi qonaqpərvərliyə görə təşkilat komitəsinə öz minnətdarlığını bildirmiş və bu tutnirin növbəti ildən A kateqoriyalı beynəlxalq  turnir kimi Beynəlxalq Cüdo Federasiyasının təqvim planına salınmasını dəstəklədiklərini bildirmişlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir