“Təmiz Binəqədi” layihəsi çərçivəsində “Polietilensiz həyat” devizi altında gənclərin iştirakı ilə aksiya
“Bakı 2015” İlk Avropa Oyunları ərəfəsində start götürmüş “Təmiz Binəqədi” sosial layihəsi çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyəti, rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı və “Azərsun Holdinq” MMC-nin Azərbaycan Kağız və Karton İstehsalatı Kombinatının təşəbbüsü ilə “Polietilensiz gün” devizi altında aksiya keçirildi.
Aksiyada Binəqədi RİH-nın əməkdaşları ilə yanaşı, rayonun idarə və müəssisələrinin əməkdaşları, eləcə də fəal gənclər iştirak etdilər. 9-cu mikrorayonda Adil Məmmədov küçəsində reallaşdırılan sosial aksiya zamanı ərazi polietilen tullantıları və plastik qablardan təmizləndi. Təmizlik işlərindən sonra toplanan polietilen tullantıları təkrar emala göndərildi.
Ərazinin ətraf mühit, insan sağlamlığı üçün zərərli olan, eləcə də estetik görünüş və mənzərəyə xələl gətirən belə tullantılardan təmizlənməsi sakinlər tərəfindən razılıqla qarşılandı.
Aksiyanın sonunda rayonun fəal gənci Səlcuq Müzəffərlinin hərbi xidmətə yolasalma mərasimi təşkil olundu və tədbir iştirakçıları sakinlərlə birgə çay süfrəsi ətrafında parkda təşkil edilən konsertə tamaşa etdilər.