Şahmat dərslərinin bağlanış mərasimi
Binəqədi rayon Gənclər və İdman İdarəsi və YAP Binəqədi Rayon Təşkilatının birgə təşkilatçılığı ilə YAP Binəqədi Rayon Təşkilatının inzibati binasında “Təmiz Binəqədi” layihəsi çərçivəsində və “2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı”nın rayonda icrasının təmin edilməsi və gənclərin asudə vaxtlarının səmərəli təşkili və onlar arasında şahmat idman növünü daha da inkşaf etdirmək məqsədilə həyata keçirilən “Şahmat” dərslərinin bağlanış mərasimi keçirildi.
Mərasimdə rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, YAP Binəqədi Rayon Təşkilatının aparat rəhbəri Qabil Qafarov, Binəqədi rayon 3 № li Uşaq Gənclər Şahmat İdman Məktəbinin müəllimi Xalidə Həsənova və gənclər iştirak edirdi.
Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov çıxış edərək, ölkəmizdə idmana və idmançılara göstərilən diqqət və qayğıdan danışdı. Bildirdi ki, fiziki güc tələb edən idman növləri ilə yanaşı, intellektual idman növü olan şahmata yeniyetmə və gənclər arasında maraq günü-gündən artmaqdadır. Məhz bunu nəzərə alaraq rayon gəncləri üçün şahmat dərsləri təşkil olunaraq keçirildi. Qüdsi Bayramov bundan sonra da gənclərin bilik və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılacağını nəzərə çatdırdı.
YAP Binəqədi Rayon Təşkilatının aparat rəhbəri Qabil Qafarov da şahmat dərslərinin gənclərin diqqət və düşünmək qabiliyyətinin möhkəmləndirilməsində mühüm rol oynadığını qeyd etdi.
Şahmat dərslərini gənclərə həvəslə öyrədən Xalidə Həsənova yaradılan şəraitə görə təşkilatçılara təşəkkürünü bildirdi. O, gənclərin dərslərdə xüsusi fəallıq göstərdiyini qeyd etdi.
Sonra tədbir gənc şahmatçıların oyunu ilə davam etdirildi.