Səbail rayonu üzrə məhəllələrarası mini-futbol turniri başa çatdı
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 91 nömrəli tam orta məktəbin idman meydançasında Azərbaycan Respublikasının Milli Qəhrəmanı, telejurnalist Çingiz Mustafayevin xatirəsinə həsr olunmuş Səbail rayonu üzrə məhəllələrarası mini-futbol turniri keçirilmişdir. 2 yaş qrupu üzrə — 1997 – 2000-ci il və 2001 – 2004-cü il təvəllüdlü idmançılar arasında keçirilən yarışda 14 komanda tərkibində 140 nəfər iştirak etmişdir. Hər iki qrup üzrə final oyunları gərgin oyun şəraitində keçirilmişdir. Belə ki, 17 yaşadək yeniyetmələr arasında final oyununda “Bibiheybət” komandası “Neftçi” komandasına 2 – 1 hesabı ilə, 13 yaşadək uşaqlar arasında final oyununda “Qəbələ” komandası “Bayıl” komandasına 3 – 1 hesabı ilə qalib gələrək I yerləri tutmuşlar. Turnirin rəsmi bağlanış mərasimində iştirak edən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov çıxış edərək futbolun inkişafında xüsusilə uşaqlar arasında keçirilən məhəllələrarası mini-futbol turnirinin böyük rol oynadığını, respublika prezidentinin müvafiq sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə Futbolun İnkişafına dair Dövlət Proqramı”nın bu tipli tədbirlərin keçirilməsi ilə yüksək səviyyədə icra olunduğunu bildirmiş, həmçinin torpaqlarımızın azadlığı uğrunda şəhid olan Azərbaycan Respublikasının Milli Qəhrəmanı, telejurnalist Çingiz Mustafayevin vətənpərvərliyi və fədakarlığı haqqında məlumatlar vermişdir.
Tədbirin sonunda qalib komandaların üzvləri Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlarla, idman geyimləri və kubokla təltif olunmuşlar.