“BAKU OPEN – 2014” BEYNƏLXALQ ŞAHMAT FESTIVALINA START VERILDI
6 sentyabr 2014-cü il tarixdən Respublika Şahmat Mərkəzində Azərbaycan Respublikasının dövlət müstəqilliyinə həsr olunmuş “BAKU OPEN — 2014” beynəlxalq şahmat festivalının uşaq turniri başlanmışdır. Turnirin rəsmi açılış mərasimində Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, beynəlxalq dərəcəli hakim Faiq Həsənov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Salman Əbdülov, Respublika Şahmat Mərkəzinin direktoru Məcid Əfəndiyev, yarışın baş hakimi, beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadə iştirakçıları salamlamış, onlara müvəffəqiyyətlər arzulamışlar. 2002-ci il təvəllüdlü və ondan kiçik yaşlı oğlanlar və qızlar arasında keçirilən turnirdə Bakı, Naxçıvan MR, Gəncə, Sumqayıt, Mingəçevir, Ağdam, Cəbrayıl, Ağdaş, Tovuz, Biləsuvar, Abşeron, İsmayıllı, Şəki, Quba, Kürdəmir, Ucar şəhər və rayonları ilə yanaşı Qazaxstan və Özbəkistan Respublikalarını təmsil edən 98 nəfər idmançı (onlardan 17 nəfəri qızlardır) iştirak edir. Turnir 9 turdan ibarət İsveçrə sistemi üzrə keçirilir. Oyunları beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadənin rəhbərlik etdiyi hakimlər kollegiyası idarə edir. Turnirə 14 sentyabr tarixində yekun vurulacaqdır.