“18 oktyabr – Dövlət Müstəqilliyi günü”nə həsr olunmuş məhəllələrarası mini-futbol üzrə Bakı şəhər turnirinin final oyunları keçirilmişdir.
17 oktyabr 2012-ci il tarixində Nərimanov rayonu ərazisində yerləşən 200 saylı orta məktəbin futbol meydançasında “18 oktyabr – Dövlət Müstəqilliyi günü” nə həsr olunmuş məhəllələrarası mini-futbol üzrə Bakı şəhər turnirinin final oyunları keçirilmişdir. Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 2000-2001-ci il təvəllüdlü uşaqlar arasında keçirilən yarışda 3-4-cü yerlər uğrunda Binəqədi və Nizami rayon komandaları, final oyununda isə Nərimanov və Yasamal rayonlarının komandaları görüşmüşlər. Hər iki görüş çox gərgin oyun şəraitində keçirilmiş, Binəqədi rayon komandası 5-3 hesabı ilə qalib gələrək turnirdə 3-cü yeri tutmuş, Nərimanov rayon komandası 3-2 hesabı ilə qalib gələrək turnirin qalibi olmuşdur.
Final oyunundan sonra turnirin təntənəli bağlanış mərasimi keçirilmişdir. Tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin sector müdiri Adil Ağayev, Nərimanov rayonu Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov və digər rəsmi şəxslər iştirak etmişlər. Natiqlər öz çıxışlarında futbolun inkişafında xüsusilə uşaqlar arasında keçirilən məhəllələrarası mini-futbol turnirinin böyük rol oynadığını, respublika prezidentinin müvafiq sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə Futbolun İnkişafına dair Dövlət Proqramı”nın bu tipli tədbirlərin keçirilməsi ilə yüksək səviyyədə icra olunduğunu bildirmişlər.
Tədbirin sonunda qalib komandaların üzvləri Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla, xatirə hədiyyələri və kuboklarla təltif olunmuşlar.