“BAKU OPEN – 2014” BEYNƏLXALQ ŞAHMAT FESTIVALININ UŞAQ TURNİRİ SОNА ÇATDI
6 – 14 sentyabr 2014-cü il tarixdə Respublika Şahmat Mərkəzində Azərbaycan Respublikasının dövlət müstəqilliyinə həsr olunmuş “BAKU OPEN — 2014” beynəlxalq şahmat festivalının uşaq turniri keçirilmişdir. 2002-ci il təvəllüdlü və ondan kiçik yaşlı oğlanlar və qızlar arasında keçirilən turnirdə Bakı, Naxçıvan MR, Gəncə, Sumqayıt, Ağdam, Cəbrayıl, Ağdaş, Tovuz, Biləsuvar, Abşeron, İsmayıllı, Şəki, Quba, Kürdəmir, Ucar şəhər və rayonları ilə yanaşı Qazaxıstan və Özbəkistan Respublikalarını təmsil edən 96 nəfər idmançı (onlardan 17 nəfəri qızlardır) iştirak etmişdir. Turnir 9 turdan ibarət İsveçrə sistemi üzrə keçirilmişdir. Oyunları beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadənin rəhbərlik etdiyi hakimlər kollegiyası idarə etmişdir. Yarışda 8 yaşadək qızlar arasında I yeri 4 xalla Nəsibova Nərmin, II yeri 3 xalla Heydarlı Nurtac, III yeri 3 xalla Şükürova Aydan, 8 yaşadək oğlanlar arasında I yeri 5,5 xalla Məmmədəliyev Fərhad, II yeri 5,5 xalla Xudiyev Sənan, III yeri 5,5 xalla Aslanov Ümid, 10 yaşadək qızlar arasında I yeri 5,5 xalla Rzalı Səbinə, II yeri 5,5 xalla Orucova Nəcibə, III yeri 5 xalla Allahverdiyeva Ayan, 10 yaşadək oğlanlar arasında I yeri 8 xalla Əhmədzadə Əhməd, II yeri 7 xalla Feyziyev Mirmusa, III yeri 6,5 xalla Balayev Zaur, 12 yaşadək qızlar arasında I yeri 6,5 xalla Beydullayeva Gövhər, II yeri 5,5 xalla Abbasova Sədaqət, III yeri 5 xalla Kim Leyla, 12 yaşadək oğlanlar arasında I yeri 8 xalla Muradlı Məhəmməd, II yeri 7 xalla Şükürov Nurlan, III yeri 6,5 xalla Əlizadə Ayxan tutmuşlar. Turnirin oğlanlar arasında mütləq qalibi 8 xalla Əhmədzadə Əhməd, qızlar arasında 6,5 xalla Beydullayeva Gövhər olmuşlar. Sonuncu turdan sonra keçirilən təntənəli bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin məsul əməkdaşı, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Salman Əbdülov, Respublika Şahmat Mərkəzinin direktoru Məcid Əfəndiyev, turnirin rəsmi sponsorları olan Azpetrol, Azərsun, BestCom şirkətlərinin nümayəndələri iştirak etmişlər. Turnirin baş hakimi Nurəli Məmmədzadənin yekun hesabatından sonra S.Əbdülov çıxış edərək qalibləri təbrik etmiş, onlara gələcək oyunlarında müvəffəqiyyətlər arzulamışdır. Sonda qaliblər, həmçinin turnirin ən kiçik yaşlı oğlan, qız iştirakçıları, həmçinin Qazaxıstan və Özbəkistanı təmsil edən idmançılar müvafiq dərəcəli diplomlar və qiymətli xatirə hədiyyələri ilə təltif olunmuşlar.