Nərimanov rayonunda məhəllə futbolu keçirilmişdir
Azərbaycan Respublikasının Milli Qəhrəmanı Gültəkin Əsgərovanın xatirəsinə həsr olunmuş Nərimanov rayonu üzrə məhəllələrarası mini-futbol turnirinin final oyunları keçirilmişdir. Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Nərimanov rayonu Gənclər və İdman İdarəsi tərəfindən birgə təşkil olunmuş 2003-2004-cü il təvəllüdlü uşaqlar arasında keçirilən turnirdə 24 komanda tərkibində 240 nəfər iştirak etmişdir. Gərgin oyun şəraitində keçən turnirdə I yeri Modern komandası, II yeri Gənclik komandası, III yeri Neftçi komandası tutmuşdur. Final oyunundan sonra turnirin təntənəli bağlanış mərasimi keçirilmişdir. Tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin məsul əməkdaşı Salman Əbdülov, Nərimanov rayonu Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Milli Qəhrəman Gültəkin Əsgərovanın anası Rəfiqə xanım Əsgərova və digər rəsmi şəxslər iştirak etmişlər. Rəfiqə xanım qızı Gültəkin Əsgərovanın həyatından, Qarabağ döyüşlərində göstərdiyi şücaətindən geniş məlumat vermişdir. Sonra natiqlər öz çıxışlarında futbolun inkişafında xüsusilə uşaqlar arasında keçirilən məhəllələrarası mini-futbol turnirinin böyük rol oynadığını, respublika prezidentinin müvafiq sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə Futbolun İnkişafına dair Dövlət Proqramı”nın bu tipli tədbirlərin keçirilməsi ilə yüksək səviyyədə icra olunduğunu bildirmişlər. Tədbirin sonunda qalib komandaların üzvləri Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla, idman geyimləri ilə və kubokla təltif olunmuşlar.