MƏHƏLLƏLƏRARASI MINI-FUTBOL TURNIRI BAŞA ÇATDI
Nərimanov rayonu ərazisində yerləşən Məktəb Lisey Kompleksinin mini-futbol meydançasında “18 oktyabr – Dövlət Müstəqilliyi günü”nə həsr olunmuş məhəllələrarası mini-futbol üzrə Bakı şəhər turnirinin final oyunları keçirilmişdir. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 2003-2004-cü il təvəllüdlü uşaqlar arasında keçirilən yarışda 3-cü yer uğrunda Nərimanov və Xətai rayonlarının komandaları, final oyununda isə Yasamal və Suraxanı rayonlarının komandaları görüşmüşlər. Hər iki görüş gərgin oyun şəraitində keçirilmiş, hər iki oyunun əsas hissəsində qalib müəyyən olunmamışdır. Nərimanov rayon komandası 7 metrlik zərbələr hesabında 5 – 4 hesabı ilə qalib gələrək 3-cü yeri tutmuş, Yasamal rayon komandası 7 metrlik zərbələr hesabında 4 – 2 hesabı ilə qalib gələrək turnirin qalibi olmuşdur. Final oyunundan sonra turnirin təntənəli bağlanış mərasimi keçirilmişdir. Tədbirdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov və digər rəsmi şəxslər iştirak etmişlər. Natiqlər öz çıxışlarında yarış iştirakçılarını bayram münasibətilə təbrik etmiş, futbolun inkişafında xüsusilə uşaqlar arasında keçirilən məhllələrarası mini-futbol turnirinin böyük rol oynadığını, respublika prezidentinin müvafiq sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə Futbolun İnkişafına dair Dövlət Proqramı”nın bu tipli tədbirlərin keçirilməsi ilə yüksək səviyyədə icra olunduğunu bildirmişlər.
Tədbirin sonunda qalib komandaların üzvləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla, futbol formaları ilə və kuboklarla təltif olunmuşlar.