Əlillərin stolüstü idman oyunlarına start verildi
Əlillər arasında bədən tərbiyəsi və idmanı daha da geniş təbliğ etmək, əlillərin fiziki cəhətdən inkişafının və sağlamlıqlarının qorunmasını, həmçinin bədən tərbiyəsi və idmanla fəal məşğul olmalarını təmin etmək məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi və Gənclər və İdman Nazirliklərinin birgə təsdiq etdikləri əsasnaməyə müvafiq olaraq əlillərin IV respublika stolüstü idman oyunlarının zona yarışları keçirilir. Stolüstü idman oyunlarının proqramına kişilər və qadınlar arasında dama, şahmat, stolüstü tennis, kişilər arasında nərd və qol güləşi üzrə yarışlar aiddir. 4 noyabr 2014-cü il tarixdə Respublika Şahmat Mərkəzində keçirilən Bakı şəhəri üzrə zona yarışının açılış mərasimində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Ömər Abdullayev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov və yarışların baş hakimi beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadə yarış iştirakçılarını salamlamış, onlara müvəffəqiyyətlər arzulamışlar. Zona yarışlarının qalibləri 26 – 28 noyabr 2014-cü il tarixdə keçiriləcək respublika final mərhələsinə vəsiqə qazanacaqlar.