“Qadın zorakılığına yox deyək” mövzusunda dəyirmi masa keçirilib

   Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və İctimai Səhiyyə və İslahatlar Mərkəzinin birgə təşkilatçılığı ilə “25 noyabr Qadın Zorakılığına Qarşı Mübarizə Günü” ilə əlaqədar “Qadın zorakılığına yox deyək” mövzusunda dəyirmi masa keçirilib.  Gəncliyə Yardım Fondunda təşkil olunan tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclərlə iş üzrə sektor müdiri Zamin Əhmədov, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Səbinə Babazadə, adıçəkilən mərkəzin ekspertləri Mehriban Məmmədova, Nərmin Novruzova, Qadınların İnkişafına Dəstək İctimai Birliyinin sədri Nigar Muradova və gənclər iştirak ediblər.
   İlk öncə mövzu ilə bağlı videoçarx nümayiş etdirilib.
   Qeyd olunub ki, BMT Baş Assambleyası 1999-cu ildə 25 noyabrı Qadın Zorakılığına Qarşı Mübarizə Günü elan edib. Bu günün məhz 25 noyabrda qeyd olunması təsadüfi deyil. Bu, 1961-ci ildə Dominikan Respublikasında baş verən hadisələrdən qaynaqlanır. Həmin vaxt Dominikan prezidenti Rafael Truxilonun əmri ilə siyasi fəallardan olan 3 tibb bacısı vəhşicəsinə öldürülüb. Bildirilib ki, BMT cəmiyyətin bu problemlərə diqqətini cəlb etmək üçün noyabrın 25-də hökumətlərə, beynəlxalq təşkilatlara və QHT-lərə tədbirlər keçirməyi təklif edir.
   Tədbirdə ekspertlər gənclərə qadın zorakılığının növləri, baş verən neqativ hallar, bununla mübarizə üsulları barədə ətraflı məlumat veriblər. Məlumatlar fotoslayd və videoçarx vasitəsi ilə də izah olunub, gənclərlə qarşılıqlı müzakirələr aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir