BŞGİBİ-nin yeni inzibati binasının açılış mərasimi keçirildi

    Bu gün Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) yeni inzibati binasının açılış mərasimi keçirilib. Mərasimdə Gənclər və Idman naziri Azad Rəhimov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Baş İdarənin əməkdaşları, fəal gənclər və jurnalistlər iştirak ediblər.

     BŞGİBİ-nin rəisi R. Abbasov nazir Azad Rəhimovu yeni inzibati bina və iş otaqları ilə tanış edib.

   Nazir Azad Rəhimov çıxış edərək Gənclər Günü münasibəti ilə bütün gəncləri təbrik edib. O, BŞGİBİ-nin yeni inzibati binasında müasir standartlara cavab verən iş otaqlarının və avadanlıqların olduğunu qeyd edib: “Bu bina ölkəmizdə gənclər və idman sahəsində əldə olunan uğurların daha da artırılması istiqamətində həyata keçirilən işlərin məhsuldarlığını artıracaq. Azərbaycanda idman sahəsinə olduğu kimi, gənclər sahəsinə də xüsusi diqqət göstərilir. “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” hazırlanıb və cənab Prezident bu barədə sərəncam imzalayıb. Bu da göstərir ki, Azərbaycan gənclərinin inkişafı dövlətin əsas prioritetlərindəndir”.

  BŞGİBİ-nin rəisi R. Abbasov da gəncləri bayram münasibətilə təbrik edərək yeni inzibati binada yaradılmış şəraitə görə Baş İdarənin kollektivi adından ölkə rəhbərliyinə və Gənclər və İdman Nazirliyinə minnətdarlığını bildirib.  O, ötən il gənclər, idman və kütləvi bədən tərbiyəsi sahələri üzrə həyata keçirilmiş tədbirlərin Baş İdarənin təsdiqlənmiş tədbirlər planını tam əhatə etdiyini və əlavə olaraq da çox sayda tədbirlər keçirildiyini qeyd edib: “Müraciətlərə əsasən Türkiyə, Gürcüstan, Rusiya, İspaniya, İsveçrə, İtaliya, Yaponiya, Fransa, Polşa, İran və Belarusiyaya ezamiyyətlər təşkil olunub. Bir çox idman növləri üzrə yarışlar və gənclər sahəsi üzrə tədbirlər təşkil olunub. Bütün federasiyalar və bir çox dövlət qurumları ilə yaxından əməkdaşlıq edilib və birlikdə çoxlu layihələr həyata keçirilib”.

    Daha sonra gənclər və idman sahələrində fərqlənmiş bir sıra gənclər mükafatlandırılıb.

   Qeyd edək ki, BŞGİBİ-nin yeni inzibati binası Adil Babayev 5 ünvanında yerləşir və ümumi sahəsi 379 kvadratmetrdir. Baş İdarə binanın birinci və üçüncü mərtəbəsində yerləşir.

     Onu da nəzərinizə çatdıraq ki, yüzdən artıq yaşı olan binada bərpa işləri aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir