Raqif Abbasov: “II Avropa Oyunları hələ bəlli deyil harada keçiriləcək”

Fidan Afər/AZADİNFORM. “I Avropa Oyunlarının keçirilməsi böyük tarixi hadisədir. Bu böyük idman bayramının Azərbaycanda keçirilməsinə Avropa ölkələrinin Olimpiya Komitələrinin mütləq əksəriyyət ölkəsi səs verib”. Bunu AZADİNFORM-a açıqlamasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov Böyük Britaniyanın “İnside the Games” saytı Bakıda bu ilin iyununda keçiriləcək I Avropa Oyunları ilə bağlı Azərbaycandakı turnir “2-ci dərəcəli” imiş; “Əsl Avropa Oyunları 2018-də Berlin və Qlazqoda keçiriləcək”  mövzusunda olan yazıya münasibət bildirərkən deyib.

O bildirib ki, bu oyunlarda 20 idman növündə 6 minə yaxın idmançının iştirakı yarışın mötəbərliyinin əyani göstəricisidir:  “Digər tərəfdən isə 20 idman növünün 11-i Rio De Jeneroda 2016-cı ildə keçiriləcək olimpiya oyunlarına ya lisenziya, ya da lisenziya xalını verir. Bu bir daha yarışın mahiyyətini və böyüklüyünü göstərir.  O ki, qaldı hansısa ayrı-ayrı saytlarda bayağı, mütəxəssis rəyini öyrənməmiş, hər hansı digər saytlardan qoparma yazını götürüb onu özünə uyğunlaşdırmağa, bunlar hamısı məkrli siyasətin davamıdır və nəticəsi olmayacaq”.

R.Abbasov əlavə edib ki, konkret olaraq, ayrı-ayrı idman növlərinə gəldikdə isə məsələn, atletika idman növü 15 ölkənin idmançısı ilə təmsil olunacaq: “Bu atletika oyunlarında normativlər mövcuddur və o normativləri yerinə yetirən idmançı Rio De Jeneroda keçiriləcək olimpiadaya vəsiqə qazanacaq. Bundan vacib nə isə ola bilərmi?

Digər tərəfdən isə bu idman növünün təmsilçilərinin arasında həm dünya, həm də Avropa çempionatlarının iştirakçıları var. Həmçinin, velosiped idman növünü götürək. Bu gün, idmanın maddi-texniki bazasının yaxşılaşdırılması və ayrı-ayrı idman növlərinə qoyulan sərmayə davam edir. O cümlədən, velosiped idman növünə də diqqət var. Hazırda velodromun mövcudluğu və onun mövcudluğu ilə bağlı şose velo idman növünün inkişafı və Main Bask MTB deyilən idman növü, bu da velosiped idman növünün bir qanadıdır,  bu 3 növ Avropa Oyunlarında təmsil olunacaq. Burada da, olimpiya oyunlarına xal əmsalı veriləcək. Bu yarışlara qatılan idmançılar arasında olimpiya oyunlarında iştirak etmiş idmançılar mövcuddur. Bu da öz növbəsində bir daha onu göstərir ki, velo  idman növünün də mahiyyəti və burada olacaq iştirakçılar yüksək səviyyəli idmançılar olacaq”.

İdarə rəisi düşünür ki, ümumilikdə, görürük ki, bu məkrli siyasətin davamı olaraq yazı verilib, amma yazıdakı deyilən kimi, II Avropa Oyunları hələ bəlli deyil harada keçiriləcək:  “Ona görə ki, bu qərar Avropa Olimpiya Komitəsinin konqresində verilir. Necə indidən demək olar ki, filan şəhərdə və ya ölkədə bu yarışlar keçiriləcək və filan idman növü orda keçiriləcək? Bunu bu dəqiqə heç bir idman mütəxəssisi deyə bilməz. Ona görə ki, dediyim kimi, Avropa Olimpiya Komitəsinin qərarı olmalıdır. Namizəd ölkələr arasındakı say da hələ yekunlaşmayıb. Yəni, bütün bunları cəmləşdirərək bir daha birmənalı onu demək olar ki, qitənin ən böyük idman yarışı, qitənin tarixinə düşəcək idman yarışı, qitədə indiyə qədər keçirilmiş ən çox idmançının qatıldığı idman yarışı, qitədə keçiriləcək indiyədək ən davamlı idman yarışı, ən davamlı və olimpiya oyunlarına ən çox lisenziya verən idman yarışı, eyni vaxtda bir neçə idman qurğusunda keçirilən idman yarışı olaraq indiyədək qitənin tarixində belə yarış olmayıb və bunun mahiyyəti həm siyasi, həm idman təbliği nöqteyi-nəzərdən, həm böyük bayram nöqteyi-nəzərdən, həm də dünyada yayımlanacaq televiziya və tamaşaçı auditoriyası üçün ən böyük yarışdır. Sapı özümüzdən olanlar birmənalı bilməlidir ki, bu böyük idman bayramına Azərbaycan yüksək səviyyədə hazırlaşır və dünya buna böyük dəyər verir. Milyonlarla tamaşaçının izləyəcəyi bu idman bayramı idman tarixində ən yadda qalan hadisələrdən biri olacaq. O cümlədən də, Azərbaycan idmançıları bu yarışa hazırlıq işlərini davam etdirir və Azərbaycan dövlət himninin səslənməsi üçün, bayrağının yüksəldilməsi üçün əlindən gələni edəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir