Raqif Abbasov: “Ölkəmizdə keçiriləcək oyunlar dünyaya səs salacaq”

“Avropa qitəsinin ilk oyunlarının məşəli Azərbaycanın qədim odlar diyarı və qədim tarixə malik olduğunu nümayiş etdirən abidəmizdən yəni Atəşgahdan alovlandırıldı. Məşəlin yandırılması Avropa Oyunlarının yeni bir nümunəsi olaraq yadda qalacaq”. Bu fikirləri SİA-ya Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.

R. Abbasov qeyd edib ki, alovlandırılan məşəl 1000 tanınmış idmançı tərəfindən 5500 km məsafəni qət edərək, 48 gün ərzində Azərbaycanın 60 rayon və şəhərini gəzəcək. Bu tarixi hadisə ilə ölkəmiz daha bir ilkə imza atmış oldu.  Azərbaycandan sonra Avropa Oyunlarının hansı ölkədə keçirilməsindən asılı olmayaraq, birinci Avropa Oyunları deyiləndə yada Azərbaycan, Bakı, Yanardağ, Atəşgah düşəcək”.

R. Abbasov deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin ötən günkü çıxışı hər birimiz üçün bir nümunə idi: “Dövlət başçısı çıxışında tarixdə ilk dəfə keçiriləcək bir Oyunun ölkəmizdə keçirilməsinə şərait yaradan amilləri sadaladı. O bildirdi ki, idmançılarımızın beynəlxalq yarışlarda əldə etdikləri nəticələr, ölkəmizdə idman infrastrukturunun mövcudluğu, Azərbaycanın beynəlxalq yarışlar keçirmək təcrübəsinə malik olması,  iqtisadi qüdrətimiz, Azərbaycanın multikultiralizmə, dinlərarası dialoqa açıq olması və digər bu kimi amillər ölkəmizə Avropa Oyunlarına ev sahibliyi etmə hüququ qazandırıb”.

“Bütün idman ictimaiyyəti adından bu böyük tarixi hadisə münasibəti ilə hər kəsi təbrik edirik. Çünki, Azərbaycan Bakı 2015 I Avropa Oyunlarını keçirməklə dünyaya tarix yazır. Bu, Azərbaycan Prezidenti İlham Əliyev və ətrafında olan böyük bir komandanın uğurudur.  Ölkəmizdə keçiriləcək oyunlar dünyaya səs salacaq və  yadda qalan olacaq” – deyə, R. Abbasov əminliklə vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir