“Dini radikalizmlə mübarizədə gənclərin rolu” mövzusunda mühazirə təşkil edilmişdir.

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi arasında “Gənclərin dini maarifləndirmə işinin təşkilinə dair birgə Tədbirlər Planı” çərçivəsində Suraxanı Rayon Gənclər və İdman İdarəsində  “Dini radikalizmlə mübarizədə gənclərin rolu” mövzusunda mühazirə təşkil edilmişdir.

Tədbiri giriş sözü ilə açan Bakı şəhəri Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov mövzunun aktuallığını qeyd edərək gənclərlə bu səpkili görüşlərin keçirilməsinin çox böyük əhəmiyyətə malik olduğunu bildirib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən bu tədbirdə Ekspertiza şöbəsinin baş məsləhətçisi Mahir Qəniyev və həmin şöbənin məsləhətçisi Şəhriyar İsmiyev iştirak ediblər. Mahir Qəniyev tədbirdə çıxış edərək dini radikalizmi doğuran səbəblərdən, İslam dünyasında baş verən proseslərdən danışıb. O, bildirib ki, radikalizmi doğuran başlıca səbəblərdən biri İslam dini haqqında məlumatsızlıq və yanlış yönləndirilmədir. İslam dini haqqında bilgiləri zəif olan insanların radikal cərəyanlara, qruplara cəlb edilməsi daha asan olur. Ona görə də dini radikalizmlə mübarizədə ilk növbədə dini maarifçilik işinin təşkilinə xüsusi önəm verilməlidir.

Ekspert qeyd etdi ki, radikalizmlə mübarizədə hər bir Azərbaycan vətəndaşı, xüsusilə də gənclər fəal iştirak etməli və bu prosesə öz töhfəsini verməlidirlər.

Daha sonra görüş iştirakçılarının çoxsaylı sualları cavablandırılmışdır.

Qeyd edək ki, bu kimi tədbirlərin ilin sonunadək paytaxtın digər rayon idarələrində keçirilməsi nəzərdə tutulur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir