İlk Avropa Oyunları başa çatsada, hələ uzun müddət xoş təəssüratla xatırlanacaq

    Birinci Avropa Oyunları başa çatdı. Bununla Azərbaycan tarixə daha bir ilkin adını yazdı, özü də öz sönməz odu, alovu ilə, “ Bakı-2015” ilk Avropa Oyunları. Cəmi 24-cü ildir müstəqillik dövrünü yaşayan gənc respublikamız bir daha sübut etdi ki, o, təkcə enerji resursları ilə deyil, həm də yüksək təşkilatçılığa, mədəniyyətə, qonaqpərvərliyə malik olmaqla, idman dövlətidir. 12-28 iyun 2015-ci il. Bəli, 17 günlük təqvimlə tarixə düşən I Avropa Oyunları artıq arxada qalsada, hələ uzun müddət xoş təəssüratla xatırlanacaq. Bəs bu möhtəşəm yarış təkcə Avropa deyil, dünya idman aləmində hansı izləri qoydu və doğma Azərbaycanımız haqda nələri dedi. Bu və ya digər məsələlərlə bağlı Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi, Azərbaycan Milli Olimpiya Komitəsinin üzvü Raqif Abbasov öz təəssüratını oxucularımızla bölüşərək dedi:

   -“ Bakı-2015” birinci Avropa Oyunları başa çatdı. İyunun 12-dən 28-dək bütün Avropanın və dünyanın müxtəlif ölkələrinin diqqətini özünə cəlb edən bu yarışlar çox yüksək səviyyədə təşkil olundu. Bunu ölkəmizə təşrif buyurmuş beynəlxalq idman təşkilatlarının  rəhbərləri və mütəxəssislərlə yanaşı idmançıların, jurnalistlərin və turistlərin ilk Avropa Oyunları haqqında söylədikləri müsbət və qürurverici fikirlər də bir daha sübut etdir. 17 gün ərzində bir çox məkanda keçirilən həyəcanlı yarışlara ölkəmizə gəlmiş on minlərlə qonaq şahidlik etdi. Tarixdə ilk, yeni bir idman layihəsi həyata keçirildi. Avropanın Olimpiya Oyunlarının mərkəzi olmasına baxmayaraq bu, Bakıda baş tutdu. Avropa Oyunlarının standartları Azərbaycanda qoyuldu. Birinci Avropa Oyunları idman tarixinin, dövlətimizin, başda Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri cənab İlham Əliyevin bu sahəyə olan diqqət və qayğısı, idman coğrafiyasının genişlənməsi, müstəqil respublikamızın Avropa və dünya tərəfindən tanıtımı və sair mövqeyi-nəzərindən böyük əhəmiyyəti var. Cəmi 24 yaşı olan dövlətimizin  bu müddətdə əldə etdiyi uğurları, Azərbaycan həqiqətlərini bütün dünyaya çatdırmaq, eyni zamanda sülhün, barışın təntənəsi baxımından bu idman yarışı böyük tarixi hadisə idi.

   Bildiyimiz kimi, “Bakı-2015” ilk AO dünyanın bir çox ölkələrində televiziya, radio vasitəsilə yayımlandı, qəzet və jurnallarda işıqlandırıldı. Əlbəttə, müəyyən zaman keçdikdən sonra bu möhtəşəm oyunların əhəmiyyəti daha çox özünü büruzə verəcək.

   Tam qətiyyətlə demək olar ki, 1-ci AO baş tutdu, tarixdə ilk olaraq Azərbaycan standartlarının tətbiqi ilə yadda qaldı, sevildi və dünya tərəfindən maraqla izlənildi. Statistik məqamlara nəzər salsaq görərik ki, Azərbaycanda keçirilmiş qitənin bu böyük idman bayramı özündə olimpiya, qeyri-olimpiya və paralimpiya idman növlərini cəmləşdirdi ki, bu model də dünyada ilk dəfə tətbiq olundu. Çünki bu vaxtadək sadaladığımız idman yarışları ayrı-ayrılıqda keçirildi. Bundan başqa qitənin 5 aparıcı dövlətinin 2-ci AO-na ev sahibliyi etməsi barədə istəyi də ilk AO-nın möhtəşəmliyinin bariz nümunəsidir. Deməli ilk AO yaşayıb və gələcəkdə model olaraq inkişaf edəcək.

  İlk AO-da dünyanın 50 ölkəsindən 6 mindən çox atlet 20 idman növü üzrə 17 gün ərzində Bakıda və Mingəçevirdə mübarizə aparıb 50 ölkənin 42-si medal qazandı, 27 ölkə qızıl medala sahib oldu. Sevindirici haldır ki, 291 atletlə təmsil olunan Azərbaycan yığma komandası 56 medal əldə etməklə 50 ölkə arasında 2-ci oldu. Bundan 21-i qızıl, 15-i gümüş, 20-si bürüncdür. Əlbəttə, dövlətimizin ölkə rəhbəri,MOK prezidenti cənab İlham Əliyevin idmançılara göstərdiyi diqqət və qayğının müqavilində əldə edilən nəticələr başa düşüləndir və məntiqidir.

  Digər tərəfdən, Azərbaycan kompleks idman yarışını 17 gün ərzində müxtəlif məkanlarda yüksək səviyyədə təşkil edə bildi. Əlbəttə, cəmi 2 il yarım bundan əvvəl 1-ci AO-na ev sahibliyi hüququ əldə etmiş, 1 milyondan çox qaçqın və məcburi köçkünü olan, dünyada iqtisadi-siyasi burulğanlar baş verdiyi bir vaxtda stabil məkan sayılan müstəqil respublikamız üçün bu yarışları yüksək səviyyədə keçirmək çox çətin idi. Amma Azərbaycan bu işin öhdəsindən layiqincə gəldi. Qeyd etmək istəyirəm ki, hazırlıq prosesinin uğurla başa çatmasında ilk Avropa Oyunları Təşkilat Komitəsinin rəhbəri, birinci xanım Mehriban xanım Əliyevanın çox böyük rolu oldu. Həmçinin, Mehriban xanım Əliyevanın rəhbərliyi altında çalışan, əksəriyyəti azərbaycanlılardan ibarət olan beynəlmiləl komandanın yüksək peşəkarlığı və bacarığı gözlənildiyi kimi öz müsbət nəticəsini verdi. Avropa Olimpiya Komitəsinin, Beynəlxalq Olimpiya Komitəsinin, ayrı-ayrı idman növləri üzrə federasiyaların rəhbərlərinin KİV-ə verdiyi müsahibələr, açıqlamalarda da bu oyunların Azərbaycanda yüksək səviyyədə təşkil olunduğunu təsdiqlədi.

   İlk AO-da istifadə olunan arenalar bundan sonra da böyük turistlərin məkanı olcaq, xalqımıza xidmət göstərəcəkdir. Məsələn, 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsi üçün tikilib istifadəyə verilmiş “Bakı Crystal Hall” ilk AO-da 5 idman növü üçün yararlı oldu. Bakı Olimpiya Stadionunda açılış və bağlanış mərasimlərinin yüksək səviyyədə təşkili bu arenanın möhtəşəmliyini bir daha təsdiqlədi. Yeni tikilmiş və yaxud da bərpa olunmuş idman qurğuları düşünülmüş strategiyaya uyğun olaraq növbəti illər üçün də ayrı-ayrı idman növləri ilə başqa sahələr üçün istifadə olunacaq. Belə ki, müxtəlif sərgilər, konsertlər, toplantılar, konfranslarla yanaşı Azərbaycanın ev sahibliyi hüququ əldə etdiyi 2016-cı ildə keçirilməsi nəzərdə tutulan Şahmat Olimpiadası, yenə 2016-cı ildə olacaq Formula-1 yarışları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları, futbol üzrə 2020-ci il dünya seçmə qrupu oyunları və digər turistlər üçün yararlı olacaq. Eyni zamanda bu qurğular nəinki, milli yığma komandamız, həm də başqa ölkələrin idmançıları üçün təlim-məşq toplantılarının keçirilməsi üçün bir məkan olacaq.

  İlk Avropa Oyunlarında qazanılmış medallar və onun əldə etmiş idmançılarımız gənc nəslə bir nümunə oldu. Artıq yeniyetmə və gənclərdə idmana maraq daha da artıb və onlarda qaliblərə oxşamaq istəyi baş qaldırıb. Bu gün hər bir gənc Azərbaycan bayrağını yüksəklərə qaldırmaq barədə düşünür. Oyunlar başa çatandan sonra uşaq və yeniyetmələrin idman cəmiyyətlərinə, klublara axını başlayıb. İdman mütəxəssislərinə gənclərin bu sahəyə həvəsi barədə valideynlərin müraciətlərinin sayı çoxalıb. Bu isə o deməkdir ki, Azərbaycanda sağlamlığa, sağlam genofonda sərmayə qoyulub. Bir sözlə əhalinin həm say, həm güclü ordu, güclü vətəndaş, pis və mənfi vərdişlərdən uzaq olmaq, müəyyən cərəyanlara qoşulmamaq baxımından bu idman yarışı böyük rol oynadı. Bütün bunlarla həm də qarşıdakı illərdə idmanın inkişaf dinamikası və medal əyarının qazanılması üçün əvəzedici heyətin hazırlanması istiqamətində böyük bir iş görülmüş olur. Dövlətimizin 2020-ci il strateji inkişaf konsepsiyasında da sağlamlığa, möhtərəm Prezidentimizin vurğuladığı kimi insan resursuna qoyulan kapital bu gün öz bəhrəsini verdi. Azərbaycan xalqı bunu indi görür və deməli onun bəhrəsi də davamlı və uğurlu olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir