Şahmat üzrə FİDE reytinq turniri başa çatdı

27 avqust 2015-ci il tarixdə Azərbaycan Şahmat Federasiyası və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2 №-li UGŞİM-nin təşkilatçılığı, “Aroma Collection” kosmetik brendinin sponsorluğu ilə keçirilən “Aroma Collection Summer Cup” FİDE reytinq turniri başa çatmışdır. 18 yaşadək idmançılar arasında təşkil olunmuş turnir 6 №-li tam orta məktəbdə keçirilmişdir. İsveçrə sistemi üzrə 9 turdan ibarət keçirilən yarışda Bakı şəhəri ilə yanaşı Naxçıvan MR, Sumqayıt, Gəncə, Quba, Lənkəran, Şəki, Kürdəmir, Tərtər, Cəbrayıl, Ağdam, Biləsuvar şəhər və rayonlarını təmsil edən 108 nəfər idmançı (onlardan 17 nəfəri qızlardır) təmsil etmişdir.
6 №-li tam orta məktəbin akt zalında keçirilən yarışın rəsmi bağlanış mərasimi Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlamışdır. Turnirin baş hakimi respublika dərəcəli hakim, FİDE Ustası Cavanşir Bağırovun yekun hesabatından sonra 2 №-li UGŞİM-nin direktoru Elvin Hüseynov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Salman Əbdülov və digər rəsmi şəxslər çıxış edərək yarışın əhəmiyyətini vurğulamışlar. Bu tipli turnirlərin Azərbaycanda idmanın inkişafına təkan verməklə yanaşı, uşaq və yeniyetmələrdə şahmata həvəsi artırması, həmçinin ölkəmizdə şahmat turnirlərinin təşkilinin gənc və yeniyetmə zəka ustalarının təcrübə toplamaları, reytinq xallarını artırmaları baxımından əhəmiyyəti xüsusi vurğulanmışdır.
Yarışda 8 yaşadək idmançılar arasında I yeri 4 xalla Süleymanov Əli (Bakı — RİOEUGŞM), II yeri 4 xalla Məhərrəmova Xumar (Bakı — 2 №-li UGŞİM), III yeri 3 xalla Əhmədov Emin (Bakı — RİOEUGŞM), 10 yaşadək idmançılar arasında I yeri 6 xalla Babazadə Xəzər (Biləsuvar), II yeri 5,5 xalla Xudiyev Sənan (Bakı — 2 №-li UGŞİM), III yeri 5,5 xalla Məmmədəliyev Fərhad (Kürdəmir), 12 yaşadək idmançılar arasında I yeri 6 xalla Eynullayev Atilla (Bakı — RİOEUGŞM), II yeri 5,5 xalla Feyziyev Mirmusa (Bakı — 3 №-li UGŞİM), III yeri 5,5 xalla Eynullayev Altay (Bakı — RİOEUGŞM), qızlar arasında ümumi hesabda I yeri 6 xalla Kərimzadə Nərmin (Bakı — RİOEUGŞM), II yeri 6 xalla Hüseynova Ləman (Sumqayıt), III yeri 6 xalla Allahverdiyeva Ayan (Bakı — 1 №-li İOEUGŞDİM), ümumi hesabda VIII yeri 6,5 xalla Mehdiyev Rəşad (Bakı — 2 №-li UGŞİM), VII yeri 6,5 xalla Axundov Teymuraz (Bakı — 1 №-li İOEUGŞDİM), VI yeri 6,5 xalla İsgəndərov Şəhriyar (Quba), V yeri 6,5 xalla Bayramov Zaur (Sumqayıt), IV yeri 7 xalla İbrahimli Murad (Sumqayıt), III yeri 7,5 xalla Bayramov Elxan (Bakı), II yeri 7,5 xalla Zeynallı Miradil (Bakı) və I yeri 7,5 xalla Bayramov Elvin (Quba) tutmuşlar. Qaliblər, həmçinin turnirin yaşca ən kiçik iştirakçısı olan Abasov Yusif (Quba) müvafiq dərəcəli diplomlar, medallar, qiymətli xatirə hədiyyələri, kubok və pul mükafatları ilə təltif olunmuşlar.
Qaliblərimizi təbrik edirik !

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir