Binəqədi rayonunda “Sənin səsin – sənin gələcəyin” adlı tədbir keçirildi

   Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.5.7-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə ilk dəfə səs verən gənclər arasında maarifləndirmə işinin aparılması, həmçinin gənclərin seçkilərdə fəallığının təmin edilməsi üçün Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Mərkəzi Seçki Komissiyası,  Binəqədi Rayon İcra Hakimiyyəti, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə  YAP Binəqədi Rayon Təşkilatının inzibati binasında 01 Noyabr – Azərbaycan Respublikasının Milli Məclisinə Seçkilərə həsr olunmuş “Sənin səsin – sənin gələcəyin” adlı tədbir keçirilmişdir.

     Tədbirdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, Mərkəzi Seçki Komissiyası Katibliyi Beynəlxalq əlaqələr şöbəsi Treninq sektorunun müdiri Ramin Nurəliyev, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının  müavini Aygün Əliyeva, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, ilk dəfə səs verəcək gənclər iştirak etmişlər.

      Tədbiri açan İdarə rəisi Qüdsi Bayramov qonaqları və gəncləri salamladıqdan sonra 01 Noyabr – Azərbaycan Respublikasının Milli Məclisinə Seçkilər, Binəqədi rayonunda ilk dəfə səs verəcək gənclərin sayı, o cümlədən rayon ərazisində fəaliyyət göstərən Dairə Seçki Komissiyası və namizədlərin statistikası haqqında məlumat verdi.

      Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov çıxış edərək ilk dəfə səs verəcək gəncləri təbrik etdi və onlara verilmiş seçki hüququndan istifadə etmələrini tövsiyə etdi.

      Sonra sektor müdiri Ramin Nurəliyev Azərbaycanda seçki prosesi ilə bağlı qanunvericilik və bu qanunvericilikdə   nəzərədə tutulan bir sıra məqamlara aydınlıq gətirdi. O, seçki zamanı istifadə olunan əyani vəsaitlər əsasında seçki prosesini izah etdi, gənclərə seçkilərdə səs vermək üçün mövcud prosedur qaydalar barədə ətraflı məlumat verdi.

   Tədbirdə ilk dəfə səs verəcək gənc, Bakı Ali Neft Məktəbinin Proseslərin avtomatlaşdırılması mühəndisliyi fakültəsinin II kurs tələbəsi Pakizə Paşayeva və Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Günay Qarayeva çıxış edərək seçki hüququndan istifadənin zəruriliyini vurğuladılar. Gənclər ölkəmizdə aparılan uğurlu gənclər siyasətinin bilavasitə öz fəaliyyətlərində gördüklərini nəzərə çatdırdılar. İştirak etdikləri layihə və əldə etdikləri uğurlardan bəhs etdilər.

    Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının  müavini Aygün Əliyeva əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və prezident cənab İlham Əliyev tərəfindən davam etdirilən dövlət gənclər siyasətinin dünyada uğurlu bir model olduğunu vurğuladı. Bildirdi ki, ölkəmizdə gənclər sahəsində qəbul edilən qanunvericilik aktları, həyata keçirilən böyük layihələr artıq bir nümunə kimi beynəlxalq aləmdə öz təsdiqini tapıb. O, gəncləri hüquqlarından istifadə etməyə və hər zaman dövlətin yanında olmağa səslədi.

     Tədbir gənclərin diskussiyası ilə davam etdirildi. Ekspertlər gəncləri maraqlandıran sualları cavablandırdılar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir