“20 yanvar faciəsi xalqımızın qəhrəmanlıq səlnaməsidir” mövzusunda konfrans və inşa yazı müsabiqəsinin mükafatlandırma mərasimi

  Bu gün Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə 20 Yanvar faciəsinin XXVI ildönümünə həsr olunmuş “20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq səlnaməsidir” mövzusunda Bakı şəhər orta ümumtəhsil müəssisələrinin yuxarı sinif şagirdləri arasında keçirilmiş inşa yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi və gənclərin iştirakı ilə toplantı keçirilib. Gəncliyə Yardım Fondunda təşkil olunmuş tədbirdə BŞGİBİ-nin rəisi Raqif Abbasov, Azərbaycan Prezidenti Administrasiyasının məsul işçisi Rahu Qurbanova, Gəncliyə Yardım Fondunun Himayəçilər Şurasının sədri Ahmed Tecim, millət vəkili Qənirə Paşayeva, millət vəkili, professor, Sosial Rifah Partiyasının sədri, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində ölkəmizə dəymiş ziyanın hesablanması üzrə komissiyanın sədri Xanhüseyn Kazımlı, Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov, 20 Yanvar Fondunun sədri Şövqü Bünyadzadə, 20 Yanvar Cəmiyyətinin sədri Sultan Əzimzadə və digərləri iştirak ediblər.
     Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra dövlət himni səsləndirilib.
  Tədbirdə 20 Yanvar faciəsinə həsr olunmuş videoçarx nümayiş olunub. Çıxış edən Gəncliyə Yardım Fondunun Himayəçilər Şurasının sədri A.Tecim 20 Yanvar faciəsindən 26 il keçməsinə baxmayaraq, bu hadisələrin heç vaxt yaddaşdan silinməyəcəyini qeyd edib. O, şəhidlərimizin Vətən yolunda qəhrəmanlıq göstərdiklərini, onların hər zaman qəlbimizdə yaşayacaqlarını bildirib. A.Tecim bütün şəhidlərimizə Allahdan rəhmət diləyib.
    Azərbaycan Prezidenti Administrasiyasının məsul işçisi R. Qurbanova hər il 20 Yanvar şəhidlərinin anım günü, gənclərin isə anlama günü kimi qeyd edilməli olduğunu bildirib. O, gənclərin 20 Yanvar faicəsinin dünyaya tanıdılması istiqamətində daha səylə çalışmalı olduqlarını deyib. R. Qurbanova belə müsabiqələrin 20 Yanvar hadisələrinin gənclər arasında daha dərindən öyrənilməsi baxımından çox önəmli olduğunu qeyd edib və təşkilatçılara minnətdarlığını bildirib.
   Millət vəkili X. Kazımlı 20 Yanvar faciəsi haqqında danışıb. O, bu faciənin xalqımızın yaddaşında hər zaman qalacağını, 20 Yanvarın Azərbaycan tarixində qəhrəmanlıq səlnaməsi olduğunu bildirib. Millət vəkili faciə haqda xatirələrindən danışıb.
  Millət vəkili Q.Paşayeva şəhidlər haqda danışaraq, onların xalqımız, millətimiz, Vətənimiz üçün canlarından keçdiklərini vurğulayıb. O, tarixən ölkəmizə qarşı edilən təcavüzlərdən danışıb və müstəqilliyimizi məhz şəhidlərimizin qəhrəmanlığı nəticəsində qazandığımızı qeyd edib. Millət vəkili gənclərin tarixi və tarixin arxasındakı oyunları yaxşı öyrənməli olduqlarını bildirib. O, gənclərə sosial mediada bu sahədə aktiv olmalarını tövsiyə edib.
   BŞGİBİ-nin rəisi R. Abbasov 20 Yanvar faciəsinin tariximizdə ən böyük vətənpərvərlik nümunəsi olduğunu, şəhidlərimizin göstərdikləri qəhrəmanlığı xalqımızın hər zaman xatırlayacağını qeyd edib. O, gənclərin 20 Yanvar hadisələrini daha dərindən öyrənməli olduqlarını bildirib.
   R.Abbasov 20 Yanvar faciəsinə Ümummilli Lider Heydər Əliyevin təklifi ilə 1994-cü ildə Milli Məclisdə hüquqi qiymət verildiyini, Azərbaycan həqiqətlərinin dünyada tanıdılması istiqamətində Ulu Öndərin əvəzolunmaz işlər həyata keçirdiyini vurğulayıb.
   O, Prezident İlham Əliyevin Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu məqsədyönlü siyasəti uğurla davam etdirdiyini qeyd edib.
Baş İdarə rəisi 20 Yanvar faciəsi haqqında xatirələrdən danışıb və inşa yazı müsabiqəsində iştirak edən gənclərə minnətdarlığını bildirib.
   Daha sonra isə digərləri çıxış edərək 20 Yanvar faciəsi haqda danışıb, gənclərə tövsiyələrini veriblər.
  Çıxışlardan sonra müsabiqədə I, II, III və fərqlənmiş yerləri tutmuş iştirakçılar mükafatlandırılıb. Qaliblər aşagıdakılardır:
I yer – Esmira Həsənova Suraxanı rayonu 75 saylı orta məktəb
II yer – Ülvi Rəhimov Qaradağ rayonu 139 saylı orta məktəb
III yer – Gülsəfa Adıgözəlova Xəzər rayonu 206 saylı orta məktəb
   Qeyd edək ki, tədbirin məqsədi 20 Yanvar faciəsinin XXVI ildönümünün yad edilməsi, böyüməkdə olan gənc nəslin nümayəndələrinə doğma Vətənə sevgi, məhəbbət hisslərinin aşılanması, onlar arasında milli vətənpərvərlik ruhunun təbliğ olunması, istedadlı şagirdlərin inşa yazı sahəsində öz yaradıcılığını nümayiş etdirməsi üçün şəraitin yaradılmasıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir