General-mayor Həzi Aslanovun xatirəsinə həsr olunmuş cüdo üzrə ənənəvi XXXVIII beynəlxalq turniri keçirilmişdir.

     Bakı İdman Sarayında iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun xatirəsinə həsr olunmuş cüdo üzrə ənənəvi XXXVIII beynəlxalq turniri keçirilmişdir. Yarışdan əvvəl tədbir iştirakçıları Fəxri Xiyabanda xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar. Cəsur sərkərdə Həzi Aslanovun abidəsi önünə də tər çiçəklər düzülüb.
Turnirin təntənəli açılış mərasimi saat 16:00-da baş tutmuşdur. Əvvəlcə iştirakçı dövlətlərin bayrağı arenaya gətirilib.

  Yarışın əhəmiyyətini yüksək qiymətləndirən gənclər və idman naziri Azad Rəhimov Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını diqqətə çatdırıb. Nazir bildirib ki, ölkəmizdə idmanın inkişafına dövlət tərəfindən böyük diqqət və qayğı göstərilir. İdmançılarımız beynəlxalq arenada ölkəmizi uğurla təmsil edirlər. “Bu gün Azərbaycan mötəbər beynəlxalq yarışlara yüksək səviyyədə ev sahibliyi edir. Buna “Bakı-2015” birinci Avropa Oyunlarını, Avropa və dünya çempionatlarını misal göstərmək olar. Artıq beynəlxalq qurumlar da tərəddüd etmədən irimiqyaslı yarışların keçirilməsini ölkəmizə həvalə edirlər. Qarşıda bizi “Formula-1” Avropa Qran-prisi, Ümumdünya Şahmat Olimpiadası, IV İslam Həmrəylik Oyunları və digər mötəbər turnirlər gözləyir”, – deyə nazir əlavə edib.

  General-mayor Həzi Aslanovun xatirə turnirinin ölkə idmanı üçün əlamətdar hadisə olduğunu vurğulayan nazir bu yarışdan istedadlı gənc idmançıların çıxacağına əminliyini bildirib.

  Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev ölkəmizdə idmanın, o cümlədən cüdonun inkişafına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevə təşəkkürünü bildirib. Son illər ölkəmizdə müntəzəm qaydada beynəlxalq turnirlərin keçirildiyini diqqətə çatdıran R.Abdullayev bunu Azərbaycanın dünyanın idman mərkəzi kimi tanınmasının bariz nümunəsi olduğunu söyləyib.

   Məşhur sərkərdənin nəvəsi, polis general-mayoru Həzi Aslanov idmançılara uğurlar arzulayıb. O, 1975-ci ildə dahi siyasətçi Heydər Əliyev tərəfindən əsası qoyulan bu turnirin cüdonun inkişafı istiqamətində mühüm mərhələ olduğunu qeyd edib. H.Aslanov cüdoçularımızın beynəlxalq yarışlarda qazandıqları qələbələrin Azərbaycanda idmanın bu növünün böyük gələcəyindən xəbər verdiyini diqqətə çatdırıb.

  Sonra Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının təsis etdiyi “General Həzi Aslanov xatirə yubileyi” medalı Azad Rəhimova və Rövnəq Abdullayevə təqdim olunub. Sərkərdənin nəvəsi Həzi Aslanov da təltif olunub.

   Medalı şuranın sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayev təqdim edib.

   Tədbir konsert proqramı ilə davam edib.

  Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda Azərbaycan, Rusiya, İran, Gürcüstan, Türkmənistan, Qırğızıstan, İsrail, Sloveniya, Xorvatiya və Macarıstandan 300-dən çox idmançı birincilik uğrunda mübarizə aparıb.

 1999-2001-ci il təvəllüdlü idmançılar arasında təşkil olunan yarışda 18 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşib.   Nəticələrə görə qızlar arasında  40 kq çəki dərəcəsində I yerə Vüsalə Kərimova  (Azərbaycan), II yerə Aygün Hacıyeva (Azərbaycan), III yerə Nigar Nacıramazanova (Azərbaycan), 44 kq çəki dərcəsində I yerə Ramilə Əliyeva (Azərbaycan), II yerə Aytac Quluzadə (Azərbaycan), III yerə Şəfiqə Mollazadə (Azərbaycan), 48 kq çəki dərəcəsində Gültac Məmmədəliyeva (Azərbaycan), II yerə Şəfəq Həmidova (Azərbaycan), III yerə Ülviyyə Bayramova (Azərbaycan), 52 kq çəki dərəcəsində I yerə Fəridə Səfərova (Azərbaycan), II yerə Nusa Perovnik (Sloveniya), III yerə Sasa Ranc (Sloveniay), 57 kq çəki dərəcəsində I yerə Günel Bəkirzadə (Azərbaycan), II yerə Tinatin Revazişvili (Gürcüstan), III yerə Zəhra Mehdiyeva (Azərbaycan), 63 kq çəki dərəcəsində Nərgiz Hacıyeva (Azərbaycan), II yerə İndira Sılaqadze (Gürcüstan), III yerə Fidan Hüseynova (Azərbaycan), 70 kq çəki dərəcəsində Diana Murtuzalı (Azərbaycan), II yerə Cəmalə Muqumova (Azərbaycan), III yerə Səma Bəxtiyarova (Azərbaycan), +70 kq çəki dərəcəsində Salome Makışvili (Gürcüstan), II yerə Rəvanə Kərimova (Azərbaycan), III yerə Nigar Cəfərova (Azərbaycan), oğlanlar arasında isə 46 kq çəki dərəcəsində I yerə Murad Abışov (Azərbaycan), II yerə Əli Sadıxov (Azərbaycan), III yerə Cəlal Xıdırlı (Azərbaycan), 50 kq çəki dərəcəsində I yerə Rəşxan Baxışəliyev (Azərbaycan), II yerə Fərid Qəzənfərov (Azərbaycan), III yerə Ruslan Paşayev (Azərbaycan), 55 kq çəki dərəcəsində I yerə Zeynalov Mehdi (Azərbaycan), II yerə Laşa Vardzelaşvili (Gürcüstan), III yerə Kantemir Kodzov (Rusiya), 60 kq çəki dərəcəsində I yerə Giorgi Chikkelidze (Gürcüstan), II yerə Gurami Dzavaşvili (Gürcüstan), III yerə Yaqub Cavadov (Azərbaycan), 66 kq çəki dərəcəsində I yerə Aleksandre Kidaraşvili (Gürcüstan), II yerə Sabir İsmayılov (Azərbaycan), III yerə Mehdi Barghamadı (İran), 73 kq çəki dərəcəsində I yerə Vladimir Akhalkatsı (Gürcüstan), II yerə Bendek Endre Toth (Macarıstan), III yerə David Gamasov (Rusiya), 81 kq çəki dərəcəsində I yerə Roland Goz (Macarıstan), II yerə Giorgi Şarabidze (Gürcüstan), III yerə Otar Gogidze (Gürcüstan), 90 kq çəki dərəcəsində I yerə Cəfər Əkbərli (Azərbaycan), II yerə Adil Kərimli (Azərbaycan), III yerə Csaba Toht (Macarıstan), + 90 kq çəki dərəcəsində I yerə  Əli Parhizgar (İran), II yerə Filip Mileviç (Xorvatiya), III yerə Georgi Burdjaliani (Gürcüstan) layiq görülmüşlər.

   Ümumi komanda hesabaında Azərbaycan birinci, Gürcüstan ikinci, Macarıstan üçüncü yerləri tutublar.

Qaliblərə medallar, diplomlar və qiymətli hədiyyələr təqdim edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir