“15 iyun – Milli Qurtuluş günü” münasibətilə atçılıq idmanı üzrə Nərimanov rayon açıq birinciliyi keçirilib

  Bu gün Nərimanov Rayon İcra Hakimiyyəti, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, Azərbaycan Atçılıq Federasiyasının və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Respublika Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbində “15 iyun – Milli Qurtuluş günü” münasibətilə atçılıq idmanı üzrə Nərimanov rayon açıq birinciliyi keçirilmişdir.

     Birinciliyin açılış mərasimində Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Azərbaycan Atçılıq Federasiyasının vitse – prezidenti Mahir Muradov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Milli Məclisin deputatları Adil Əliyev, Hikmət Babaoğlu, Rayon İcra Hakimiyyəti başçısının müavinləri İradə Mahmudova, İlqar Mirzəyev, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının sədri Təmraz Tağıyev, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, rayon hüquq mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyəti, KİV nümayəndələri, gənc idmançılar və fəal gənclər iştirak etmişdir.

   Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev qonaqları və tədbir iştirakçılarını qarşıdan gələn “15 iyun – Milli Qurtuluş günü” münasibətilə təbrik edərək 1993-cü ilin iyununda respublikamızda baş vermiş ictimai-siyasi proseslərə bir daha geniş nəzər salıb, dövlətçiliyimizin qorunması və vətəndaş qarşıdurmasının aradan qaldırılmasında Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən danışıb. Bildirib ki, son 20 ildə Azərbaycanın ictimai-siyasi həyatının müxtəlif sahələrində əldə olunmuş uğurlar birbaşa Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun respublika rəhbərliyinə qayıdışından sonra ölkə vətəndaşlarının təhlükəsizliyi təmin olunub, iqtisadiyyatda hökm sürən tənəzzül dayandırılıb, Azərbaycan dünya birliyində özünə layiq yer tutub. Çıxışının sonunda A.Fərzəliyev yarış iştirakçılarına uğurlar arzuladı.

   Sonra Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Milli Məclisin deputatı Adil Əliyev çıxış edərək qeyd etdilər ki, Azərbaycanda atçılıq idman növü lap qədimlərdən diqqətçəkən olub. Elə müasir dövrümüzdə də bu idman növünə maraq artmaqda davam edir. Hazırda Bakı Dövlət Cıdır Meydanının ərazisində Respublika Atçılıq İdman Məktəbinin fəaliyyət göstərməsi ölkəmizdə idmanın bu növünün inkişafından xəbər verir. Azərbaycan Respublikasında atçılığın hazırki vəziyyətinə gəldikdə qeyd etmək lazımdır ki, aqrar sahədə islahatlar aparıldıqdan sonra respublikada atların sayı artmışdır. Hazırda ölkəmizdə yüksək keyfiyyətli Qarabağ və Dilboz atları, həmçinin Quba, Şirvan və digər yerli atlar yetişdirilir. Azərbaycan Atçılıq Federasiyasının vitse – prezidenti Mahir Muradov çıxış edərək tədbir iştirakçılarını salamladıqdan sonra yarışı açıq elan etmişdir.

    Açılış mərasimindən sonra  yarışlara start verildi. Yarışda 28 nəfər idmançı mübarizə aparmışdı.

    Yarışda I yeri tutmuş “Hollywood IV” ləqəbli atla Səməd Əliverdiyev, II yeri tutmuş “Rodrigo” ləqəbli atla Həzrət Salayev və III yeri tutmuş “Voltram” ləqəbli atla Dünyamalı Qurbanbəyov, IV yeri tutmuş “Platin E” ləqəbli atla Cavidan Qəhrəmanlı, V yeri tutmuş “Voltram” ləqəbli atla Lətif Musallı  təşkilatçılar tərəfindən müvafiq dərəcəli diplom, medal və xatirə hədiyyələri ilə təltif olunmuşlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir