Karate turnirinin iştirakçıları Milli Qəhrəman Murad Mirzəyevin məzarını ziyarət ediblər

  Hövsan Olimpiya İdman Kompleksində Azərbaycanın Milli Qəhrəmanı polkovnik-leytenant Murad Mirzəyevin xatirəsinə həsr olunmuş karate üzrə Bakı şəhər açıq turniri keçirilib.

    Yarış iştirakçıları ikinci Fəxri xiyabana gələrək Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan Murad Mirzəyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

   Yarış Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 98-ci ildönümü münasibətilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin və VKC növləri üzrə Azərbaycan Karate Federasiyasının birgə təşkilatçılığı ilə keçirilib.

   Hövsan Olimpiya İdman Kompleksində təşkil olunan yarışın açılış mərasimində Federasiya rəhbərliyi ilə yanaşı, Türkiyə səfirliyinin nümayəndələri və eləcə də Milli Qəhrəmanın ailə üzvləri iştirak ediblər.

    Mərasimdə polkovnik-leytenant Murad Mirzəyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan digər şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

   Karatenin dörd növü üzrə keçirilən yarışa respublikamızın müxtəlif bölgələrini təmsil edən 300-dən çox idmançı qatılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir