Raqif Abbasov: “Formula-1″ yarışları Azərbaycanın təbliğatında mühüm rol oynadı” AÇIQLAMA

   “Xalqımızı ölkəmizdə “Formula-1” üzrə Avropa Qran-Prisinin uğurla təşkil olunması münasibətilə təbrik edirəm. Azərbaycan bir daha dünyada idman ölkəsi olduğunu sübut etdi. Bütün dünya yenidən Azərbaycanı idman fəlsəfəsinə sadiq olan, sağlam həyat tərzinə üstünlük verən, idman növlərinin coğrafiyasının  genişləndirilməsində marağı olan ölkə kimi tanıdı”. Bunu SİA-ya açıqlamasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.

   O qeyd edib ki, Bakıda keçirilmiş “Formula-1” yarışları dünyada Azərbaycanın təbliğatı üçün önəmli idman tədbiridir: “Yarışlar 187 ölkəyə, 500 milyondan çox auditoriyaya canlı yayımlandı. On minlərlə insanlar bundan sonra da internetdə bu yarış və ölkəmiz haqqında məlumatlar öyrənəcəklər. “Formula-1” yarışları Azərbaycanın təbliğatında mühüm rol oynadı. Dünyada cəmi 21 ölkədə keçirilən bu yarışlara Azərbaycanın ev sahibliyi etməsi burada siyasi, iqtisadi stabilliyi, təhlükəsizliyi, infrastrukturun mövcudluğunu göstərir və bu yarışların yüksək səviyyədə keçirilməsi ölkəmizin mötəbər idman tədbirlərinin təşkilində xüsusi çəkisinin əyani sübutudur. Böyük, çoxmilli könüllülər ordusunun yaranması,  dünyanın siyasi və hərbi burulğanda boğulduğu zamanda Azərbaycanda mötəbər beynəlxalq  yarışın yüksək peşəkarlıqla  keçirilməsi ölkəmizin imicinə müsbət təsir etdi. Dünyada elə bir  qitə, ölkə olmadı ki, “Formula-1” yarışları haqqında xəbər yayımlamasın. Beynəlxalq aləmin ən nüfuzlu media orqanlarında Avropa Qran-Prisinin təşkilatçılığına yüksək qiymət verildi”.

    Baş İdarə rəisi vurğulayıb ki, “Formula-1” yarışlarının paytaxtımızda yüksək səviyyədə təşkili Azərbaycana turistlərin gəlişi, ölkəmizin digər beynəlxalq yarışlara ev sahibliyi hüququna yiyələnməsi, dünya miqyaslı şirkətlərin buraya sərmayə yatırmasını təmin etmək üçün böyük fürsət yaradıb. O əlavə edib ki, “Formula-1” yarışları Azərbaycana bundan sonra da çoxlu fayda verəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir