Raqif Abbasov: “Dövlət başçımızın çıxışı idmançılarımızda ruh yüksəkliyi yaradıb” AÇIQLAMA

   “Dövlət başçımız, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev XXXI Yay Olimpiya, XV Yay Paraolimpiya Oyunlarına yola düşəcək  nümayəndə heyətimizi qəbul etdi. Bu görüşün ənənəsi Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub və bu gün də davam etdirilir. Cənab Prezident çıxışında bir sıra məsələlərə toxundu, olimpiaçılarımıza tapşırıq, tövsiyə və xeyir-duasını verdi”. Bunu SİA-ya açıqlamasında Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) rəisi Raqif Abbasov deyib.

   O qeyd edib ki, görüş zamanı dövlət başçımızın çıxışı idmançılarımızı həm duyğulandırıb, həm də onlarda ruh yüksəkliyi yaradıb: “Görüş zamanı Cənab Prezident ölkəmizdə idmanın maddi-texniki bazasının yüksək səviyyədə olması, idmanın kütləviliyi, nəticələr, sağlam gənclərin yetişdirilməsi, idmançılarımızın sosial, məişət problemlərinin həlli, onların cəmiyyətdə nümunəvi davranışı ilə fərqlənən vətəndaşlar, eləcə də vətənpərvər, bayrağa və himnə bağlı olması, Azərbaycanın dünyanın idman mərkəzinə çevrilməsi haqda fikirlər səsləndirdi. Dövlət başçımız Beynəlxalq və Avropa Olimpiya Komitələrinin ölkəmizdə Olimpiya hərəkatına yüksək qiymət verməsi, Azərbaycanda bütün xalqların bir ailə kimi yaşaması haqqında danışdı. Cənab Prezident hər bir azərbaycanlının dualarının olimpiaçılarımızla olacağını, onlara azarkeşlik edəcəyini bildirdi”.

  R. Abbasov xatırladıb ki, Rio-2016 Yay Olimpiya Oyunlarına 56 idmançımız 18 növ üzrə 57 lisenziya qazanıb: “İndiyədək müstəqil dövlət olaraq 6 Olimpiya oyunlarında iştirak etmişik. Olimpiya oyunlarında ən yaxşı göstəricimiz London Olimpiadasında qazandığımız 10 medaldır”.

  Baş idarə rəisi əlavə edib ki, dövlət başçısının olimpiya və parolimpiyaçılarımızın nailiyyətlər əldə etdiyi halda maliyyə vəsaitləri ilə mükafatlandırılması haqda imzaladığı Sərəncam cənab Prezidentin idmana göstərdiyi diqqətin parlaq nümunəsidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir