20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq səlnaməsidir

      Bu gün Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə 20 Yanvar faciəsinin XXVII ildönümünə həsr olunmuş “20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq səlnaməsidir” mövzusunda Bakı şəhər orta ümumtəhsil müəssisələrinin yuxarı sinif şagirdləri arasında keçirilmiş inşa yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi və gənclərin iştirakı ilə toplantı keçirilib. Gəncliyə Yardım Fondunda təşkil olunmuş tədbirdə BŞGİBİ-nin rəisi Raqif Abbasov, Azərbaycan Prezidenti Administrasiyasının məsul işçisi Rasim Mirzəyev, Gəncliyə Yardım Fondunun vitse-prezidenti Ahmed Tecim,Türkiyənin Azərbaycandakı Səfirliyinin mətbuat müşaviri Hamit Karadeniz, Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov, millət vəkili Qənirə Paşayeva, 20 Yanvar Cəmiyyətinin sədri Sultan Əzimzadə, şəhid ailələri, gənclər və yazı müsabiqəsində qalib gələn məktəblilər iştirak ediblər.
      Öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Azərbaycanın Dövlət Himni səsləndirilib. Tədbirdə 20 Yanvar faciəsinə həsr olunmuş videoçarx nümayiş olunub.
Çıxış edən Gəncliyə Yardım Fondunun vitse-prezidenti Ahmed Tecim 20 Yanvar faciəsindən 27 il keçməsinə baxmayaraq, bu hadisələrin heç vaxt yaddaşdan silinməyəcəyini qeyd edib. O, şəhidlərimizin Vətən yolunda qəhrəmanlıq göstərdiklərini, onların hər zaman qəlbimizdə yaşayacaqlarını bildirib. Ahmed Tecim bütün şəhidlərimizə Allahdan rəhmət diləyib.
    Azərbaycan Prezidenti Administrasiyasının məsul işçisi Rasim Mirzəyev  gənclərin 20 Yanvar faicəsinin dünyaya tanıdılması istiqamətində daha səylə çalışmalı olduqlarını deyib. Rasim Mirzəyev belə müsabiqələrin 20 Yanvar hadisələrinin gənclər arasında daha dərindən öyrənilməsi baxımından çox önəmli olduğunu qeyd edib və təşkilatçılara minnətdarlığını bildirib.
      Millət vəkili Qənirə Paşayeva şəhidlər haqda danışaraq, onların xalqımız, millətimiz, Vətənimiz üçün canlarından keçdiklərini vurğulayıb. O, tarixən ölkəmizə qarşı edilən təcavüzlərdən danışıb və müstəqilliyimizi məhz şəhidlərimizin qəhrəmanlığı nəticəsində qazandığımızı qeyd edib. Millət vəkili gənclərin tarixi və tarixin arxasındakı oyunları yaxşı öyrənməli olduqlarını bildirib. O, gənclərə sosial mediada bu sahədə aktiv olmalarını tövsiyə edib.
   BŞGİBİ-nin rəisi Raqif Abbasov 20 Yanvar faciəsinin tariximizdə ən böyük vətənpərvərlik nümunəsi olduğunu, şəhidlərimizin göstərdikləri qəhrəmanlığı xalqımızın hər zaman xatırlayacağını qeyd edib. O, gənclərin 20 Yanvar hadisələrini daha dərindən öyrənməli olduqlarını bildirib.
   Raqif Abbasov 20 Yanvar faciəsinə Ümummilli Lider Heydər Əliyevin təklifi ilə 1994-cü ildə Milli Məclisdə hüquqi qiymət verildiyini, Azərbaycan həqiqətlərinin dünyada tanıdılması istiqamətində Ulu Öndərin əvəzolunmaz işlər həyata keçirdiyini vurğulayıb.
   Çıxışlardan sonra müsabiqədə I, II, III və fərqlənmiş yerləri tutmuş iştirakçılar mükafatlandırılıb. Qaliblər aşagıdakılardır:
I yer – Mehrubə Abdullayeva Nizami rayonu 10 saylı orta məktəb
II yer – Uğur Qismətli Yasamal rayonu 158 saylı orta məktəb
III yer – Sitarə Qurbanova Suraxanl 104 saylı orta məktəb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir