TƏRBİYƏ MÜƏSSİSƏSİNDƏ MİNİ-FUTBOL TURNİRİ KEÇİRİLMİŞDİR

    Ədliyyə Nazirliyi Penitensiar xidmətin Tərbiyə Müəssisəsində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə yeniyetmə güləşçilərin iştirakı ilə görüş və cəza çəkən yeniyetmələrdən ibarət futbol komandası ilə “Təhsil” RİM-nin Futbol Məktəbinin yeniyetmələrdən ibarət futbol komandasının mini-futbol oyunu keçirilmişdir. Əvvəlcə Tərbiyə Müəssisəsinin akt zalında yeniyetmə güləşçilərlə keçirilən görüşdə Tərbiyə Müəssisəsinin rəisi vəzifəsini icra edən, ədliyyə polkovnik – leytenantı Aydın Nəzərov tədbiri giriş sözü ilə açdıqdan sonra sözü qonaqlara vermişdir. Gənclər və İdman Nazirliyinin məsul əməkdaşı Tofiq Eyvazov və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov çıxış edərək Azərbaycan idmanının yüksək səviyyədə inkişafı, son illər ölkəmizin irimiqyaslı dünya və beynəlxalq yarışlara ev sahibliyi etməsini vurğulamış, yeniyetmə və gənclərimizin müxtəlif idman növlərinə, xüsusilə güləşə kütləvi şəkildə cəlb olunaraq yüksək nəticələr əldə etmələrini iştirakçıların nəzərinə çatdırmışlar. Görüşdə iştirak edən güləşçilər uşaq vaxtlarından güləşlə məşğul olmaları, müxtəlif ölkələrdə keçirilən beynəlxalq yarışlarda əldə etdikləri nəticələr haqqında məlumat vermişlər.
Daha sonra Tərbiyə Müəssisəsinin mini-futbol meydançasında cəza çəkən yeniyetmələrdən ibarət futbol komandası ilə “Təhsil” RİM-nin Futbol Məktəbinin yeniyetmələrdən ibarət futbol komandasının mini-futbol oyunu keçirilmişdir. Olduqca maraqlı və gərgin oyun şəraitində keçən yarışmada 12 – 10 hesabı ilə “Təhsil” RİM-nin Futbol Məktəbinin yeniyetmələrdən ibarət futbol komandası qalib gəlmişdir. Tədbirin bağlanış mərasimində Tərbiyə Müəssisəsinin rəisi vəzifəsini icra edən, ədliyyə polkovnik – leytenantı Aydın Nəzərov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sektor müdiri, paytaxtın futbol növü üzrə koordinator-kuratoru Adil Ağayev, Penitensiar xidmətin Tərbiyə İşinin Təşkili İdarəsinin inspektoru, ədliyyə leytenantı Bəhruz Hafizli iştirakçıları təbrik etmiş, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulamışlar.
Sonda yarış iştirakçıları Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif edilmiş, Tərbiyə Müəssisəsinə toplar və qapı toru hədiyyə verilmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir